ABŞ Dövlət Departamenti 2024-cü il – İnvestisiya Mühiti Hesabatını yayıb.
Hesabatın Azərbaycana aid bölməsində deyilir ki, Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə çalışsa da, öz iqtisadiyyatını şaxələndirmək və tender prosesinə müəyyən qədər şəffaflıq gətirmək üçün islahatlar aparsa da, bu ölkədə investisiya mühiti çətin olaraq qalır.
“Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 90 faizini və dövlət büdcəsinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, Azərbaycanın istehlak qiymətləri indeksi isə illik müqayisədə 8,8 faiz artıb. Ölkənin İqtisadiyyat Nazirliyinin proqnozuna görə, illik inflyasiya 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə isə 4,9 faiz təşkil edəcək”, hesabatda qeyd edilir.
Hesabatda deyilir ki, 2022-ci ilin iyununda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.
“2027-ci ilə qədər Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz nəqlini illik 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Azərbaycan 2023-cü ildə Avropaya 11,8 milyard kubmetr qaz tədarük edib. Avropa Azərbaycan qazının ixracının demək olar ki, yarısını alır. Neft və qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu hədəfləyib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika. Azərbaycanın həm quruda, həm də dənizdə külək və günəş enerjisinin inkişafı üçün böyük potensialı var. Azərbaycan hökuməti 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik enerjisi gücünün 30 faizini təşkil etməyi hədəfləyir. Əsas diqqət günəş, külək və su elektrik stansiyalarına yönəldilir və xarici investorlar layihənin həyata keçirilməsində mühüm rol oynayır”.
Hesabata əsas’n, Azərbaycan 2023-cü ilin oktyabrında 230 meqavatlıq günəş elektrik stansiyasının açılışını edib və Xəzər dənizindən Avropaya yaşıl enerji dəhlizinin yaradılması istiqamətində fəal iş aparır.
“Bərpa olunan enerji sektorundakı rəqabət, artan investisiyalar, innovasiyalar və sosial-iqtisadi faydalar da daxil olmaqla, müsbət irəliləyişlərə səbəb ola bilər”.
Dövlət Departamenti xatırladır ki, Azərbaycan 2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına və ya UNFCCC Tərəflərinin Konfransına (COP29) ev sahibliyi edəcək.
“Bu ölkənin bərpa olunan enerji və iqlim dəyişikliyi sahəsində liderliyini nümayiş etdirmək imkanı təqdim edir”.
Hesabatda qeyd edilir kİ, Azərbaycan hökuməti və üçüncü tərəf analitikləri Azərbaycanın Rusiyadan yayınan alternativ ticarət marşrutu olan Orta Dəhliz kimi tanınan multimodal Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda coğrafi əhəmiyyətli mövqeyindən istifadə etməyə davam edəcəyini gözləyirlər.
“Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Avropa İttifaqının konteynerli dəmir yolu yük şəbəkələrini birləşdirir. Azərbaycan dəmir yolu sisteminə sərmayə qoyur və artan yük axınını idarə etmək üçün liman imkanlarını genişləndirib”.
Bununla yanaşı sənədə bildirilir ki, şaxələnmiş və rəqabətqabiliyyətli özəl sektorun yaradılması üçün tələb olunan struktur islahatlarında irəliləyiş ləng gedir və korrupsiya Azərbaycanda fəaliyyət göstərən firmalar üçün əsas problem olaraq qalır.
“İqtisadiyyatda hökumətlə əlaqəli holdinq şirkətlərinin kiçik bir qrupu üstünlük təşkil edir. Əqli mülkiyyət hüquqlarının təmin edilməsi və sənaye infrastrukturu yaxşılaşsa da, bu sahələrdə real durum qeyri-kafi olaraq qalır və məhkəmə şəffaflığı yoxdur.
Azərbaycan qanunvericiliyinə əsasən, xarici sərmayələr tam və qeyd-şərtsiz hüquqi müdafiəyə malikdir və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz. Özəl qurumlar sərbəst şəkildə sahibkarlıq subyektləri yarada, əldə edə və öz maraqlarına dair sərəncam verə bilərlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin mülkiyyət hüququna malik deyillər”.
Hesabatda xatırladılır ki, Azərbaycan hökuməti qeyri-qanuni özgəninkiləşdirmə yolu ilə ABŞ şəxsləri və ya qurumlarına qarşı xüsusi ayrı-seçkilik nümunəsi göstərməyib, baxmayaraq ki, daşınmaz əmlak sektorunda ABŞ vətəndaşları bəzi hallarda yerli hakimiyyət orqanları tərəfindən özgəninkiləşdirməyə işarə ediblər.
“ABŞ-Azərbaycan İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) ABŞ investorlarına İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən (ICSID) istifadə etməklə investisiya mübahisələrini həll etmək üçün müraciət etmək imkanı verir. Beynəlxalq biznes mübahisələrini yerli məhkəmələr və ya mübahisələrin alternativ həlli yolu ilə həll etmək üçün tələb olunan orta vaxt geniş şəkildə dəyişir”, hesabatda qeyd edilir.
Dövlət Departamenti bildirir ki, Azərbaycan hökuməti 2021-2023-cü illərdə Qarabağın bərpası üçün dövlət büdcəsindən 12 milyard manat (7,1 milyard dollar) ayırıb.
“Azərbaycanın 2024-cü il büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün əlavə 4 milyard manat (2,4 milyard dollar) vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycan bu vəsaiti yol, dəmir yolu, elektrik enerjisi, qaz, su, rabitə infrastrukturunun bərpasına, o cümlədən təhsil və səhiyyə sektorlarına investisiya yatırmağa, mədəniyyət və tarixi abidələrin bərpasına sərf edəcək. Azərbaycan hökuməti bu regionda da yaşıl enerji layihələri həyata keçirir. Yenidənqurma üçün nəzərdə tutulmuş xüsusi büdcə ayırmalarının davamı ilə yanaşı, növbəti illərdə yenidənqurma işlərinin davam etdirilməsi gözlənilir”, hesabatda deyilir.
Amerikanın səsi