1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində ciddi problem yaranmasına baxmayaraq bağlı hələ də müayinə aparılmır.
Bu barədə Nigar Həzi atası ilə telefon danışından sonra iyulun 18-də Amerikanın Səsinə bildirib.
“Nə vaxtdır ki, atam səhhətindəki ciddi problemlə bağlı müayinə olunasıdır. Onun daxili orqanında şiş ehtimalı var. Tez bir zamanda müayinə olunub müalicə yazılmalıdır. Çünki problem getdikcə dərinləşir. Artıq bir həftədən çoxdur Penitensiar Xidmətə müraciət etmişik. Deyirlər məsələ həll olunacaq, amma hələ də atam müayinəyə aparılmayıb”, o qeyd edib.
Nigar Həzi bildirib ki, atasının səhhətindəki problem 2021-ci ilin dekabrında gördüyü dəhşətli işgəncələrdən sonra əmələ gəlib. O zaman Yaqublu oğurlanaraq naməlum şəxslər tərəfindən ağır işgəncələrə məruz qoyulmuşdu. Bununla bağlı Yaqublu prokuruluqda ifadə versə də hələ müxalifət funksionerini oğurlayaraq işgəncə verənlərin müəyyən edilib-edilməməsi barədə məlumat verilməyib.
Penitensiar Xidmət Tofiq Yaqublunun səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ münasibət bildirməyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.
Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Amerikanın səsi