Bu gün biz cəbhəçilərin günüdür

Azərbaycanda hüquq, ədalət və azadlığı bərqərar etmək uğrunda aparılan mübarizənin öncülləri olan cəbhəçilərin günüdür.

Ölkəmizin yalan, saxtakarlıq və zorakılıqla idarə olunması ilə barışmayan, cəsur insanların günüdür. Ən çətin, çıxılmaz görünən situasiyalarda belə mübarizədən vaz keçməyən əqidəli insanların günüdür.

Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən uca tutan, xalqın sərvətlərinin talan edilib, özünün də hüquqsuz vəziyyətə salınması ilə barışmayan gerçək vətənpərvərlərin günüdür.

Ən çətin və ümidsiz görünən zamanlarda da böyük Rəsulzadənin dediyi kimi, Azərbaycanda ədalət günəşinin parlayacağına şübhə etməyən cümhuriyyət yolçularının günüdür.

Düz 35 il öncə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və demokratikləşməsinə nail olmaq məqsədilə AXC təsis olunub. 35 yaşın mübarək, AXCP! 35 illik yubiley günündə partiyamızın ilk sədri, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi və haqq dünyasına qovuşmuş AXC üzvlərini hörmət və minnətdarlıqla anırıq.

Bütün partiyadaşlarımı, Xalq Hərəkatı veteranlarını, AXCP tərəfdarlarını təbrik edirəm! Böyük qurbanlar, məhrumiyyət və fədakarlıqla apardığımız çətin və şərəfli mübarizənin bir gün mütləq ölkəmizin demokratikləşməsilə nəticələcəyinə şübhə etmirəm.
Əli Kərimli
AXCP sədri