1 sentyabr növbədənkənar parlament seçkisini boykot etməklə bağlı AXCP-nin bəyanatı

Bu ilin iyun ayında Milli Məclis hər hansı tutarlı əsaslandırma olmadan özünü buraxmaq barədə qərar verdi və Konstitusiya Məhkəməsi bu qərarı təsdiqləyəndən sonra 1 sentyabr tarixinə növbədənkənar parlament seçkisi təyin edildi. Sürətlə həyata keçirilən bütün bu formal prosedurlar sadəcə qanunun tələblərinin guya gözlənildiyini göstərmək üçün idi. Gerçəkdə isə növbədənkənar parlament seçkisinə getmək ölkədə tək adam hakimiyyəti yaratmış İlham Əliyevin istək və sifarişi olub, səbəb və motivi də onun özünə və yaxın ətrafına bəllidir.

AXCP istər bu növbədənkənar seçki məsələsi gündəmə gələnə qədər, istərsə də əvvəllər dəfələrlə bəyan edib ki, ölkədə seçki üçün heç olmasa, minimal şərtlər təmin edilməlidir. Ən azı siyasi məhbuslar azad olunmalı, mitinqlərə imkan verilməli, seçki prosesini müşahidə və monitorinq üçün müxalifətə və müstəqil quruluşlara şərait yaradılmalıdır. AXCP yalnız bu halda seçkiyə qatıla bilər. Əks halda seçkidən yox, seçki adına sıradan bir administrativ tədbirdən söhbət gedə bilər və hakimiyyətə yalnız görüntü üçün lazım olan belə bir tədbirdə AXCP-nin iştirak etmək niyyəti yoxdur.

Təəssüf ki, İlham Əliyev hökuməti artıq seçkinin imitasiyasından da imtina edib və 1 sentyabr seçkisinə də ölkədə siyasi azadlıqların, insan haqlarının tamam aradan qaldırıldığı, hüquqsuzluğun ən pik həddə çatdırıldığı bir şəraitdə gedir. AXCP əvvəldən bəyan etdiyi mövqeyinə sadiq qalaraq, ölkədə sayı 300 nəfəri keçən siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının təmin olunmadığını, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçiliyinə imkan verilmədiyini, azad rəqabət və yarış mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr növbədənkənar parlament seçkisini boykot edir.

AXCP öz qərarında xalqın indiki şəraitdə seçkiyə heç bir maraq göstərmədiyini, 1 sentyabr seçkisinə münasibətdə faktiki olaraq boykot mövqeyi tutduğunu da nəzərə alıb. İlham Əliyevin uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində ölkədə seçki institutu, xalqın seçkilərə inam və etibarı tamamilə məhv edilib.

AXCP bəyan edir ki, bu şəraitdə və bu şərtlərlə keçən hər hansı seçki legitim sayıla bilməz və 1 sentyabr seçkisi ilə formalaşacaq parlament Azərbaycan xalqının iradəsini ifadə etməyəcək, Prezident Administrasiyasının yenilənmiş dəftərxanasından başqa bir şey olmayacaq.

AXCP xalqın bu seçkiyə etinasız münasibətini anlayır və təqdir edir, xalqı onun iradəsini ifadə etməyəcək seçki şousunda iştirakdan kütləvi imtinaya çağırır.

AXCP beynəlxalq birlikdən nəticələri əvvəldən müəyyən edilmiş bu saxta seçkiyə prinsipial münasibət göstərməyi, onun müşahidəsindən imtina etməyi gözləyir.