Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edəcək.
Bu barədə iyulun 13-də patiyanın AXCP Ali Məclisi qərar qəbul edib.
“Ölkədə 300 nəfərdən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan edildiyini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən minitorinqinə imkan verilmədiyini, azad rəqabət və seçki mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr 2024 -cü il tarixinə təyin olunmuş Milli Məclisə növbədənkənar seçki boykot edilsin”, AXCP Ali Məclisinin qərarında deyilir.
Ali Məclis həmçinin 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında qərar verib.
AXCP sədri Əli Kərimli bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun hökumətə siyasi partiyaların işlərinə qarışmaq üçün əlavə səlahiyyətlər verib.
“Ədliyyə Nazirliyi rəhbərliyi AXCP-yə məktub göndərərək partiya nizamnaməsinin “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğunlaşdırılmasını istəyib. AXCP Ali Məclisi hakimiyyətə “AXCP Siyasi partiyalar haqqında qanunu pozur” bəhanəsini verməmək üçün partiyanın növbədənkənar qurultayını çağırmaq qərarı verdi. AXCP-nin yeni nizamnaməsi növbədənkənar qurultayda qəbul olunacaq”, o qeyd edib.
Xatırladaq ki, indiki anadək AXCP sentyabrın 1-də keçiriləcək parlament seçkilərini boykot edəcək yeganə siyasi partiyadır.
Amerikanın səsi