1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin səhhətində ciddi problemlər yaranıb və onun tibbi müayinəyə ehtiyacı var. Bu barədə Turan-a vəkil Elçin Sadıqov İstintaq Təcridxanasında Məmmədli ilə görüşdükdən sonra bildirib.
Tibbi müayinə zərurəti ilə əlaqədar vəkil Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib, lakin hələ cavab almayıb.
Saxlanma şərtlərinə gəlincə, vəkil qeyd edib ki, yay günlərində İstintaq Təcridxanasında məhbuslar istilərdən əziyyət çəkirlər.
Vəkil həmçinin qeyd edib ki, həbsindən sonra Məmmədli barəsində heç bir istintaq hərəkəti aparılmır.
İstintaq orqanının və Penitensiar Xidmətinin nümayəndələrindən şərh almaq mümkün olmayıb.
* Anar Məmmədli aprelin 30-da AR CM-in 206.3.2-ci maddəsi ilə (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunaraq həbs olunub. O, əvvəlcə “Abzas Media-nın işi” üzrə cəlb olunub.
Sonradan onun işi ayrıca icraata ayrılıb.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalistləri, fəalları dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, son bir neçə ayda 17 fəala və jurnalistə qarşı cinayəət işi açılıb, onlardan 15 nəfəri həbsdədir.
Turan