Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvaya gəlib. Onun mətbuat katibi Bertalan Xavaşi deyib ki, Macarıstan lideri Rusiyaya özünün “sülh missiyası çərçivəsində” səfər edib.
Orban Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onlar Ukraynadakı vəziyyəti, habelə Macarıstan və Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə münasibəti məsələsini müzakirə ediblər.
2 saat yarımdan çox çəkən danışıqlardan sonra keçirilən mətbuat konfransında Putin bir daha iddia edib ki, Moskva danışıqlara hazırdır, amma Kiyevdə hələ də “qələbəyədək müharibə ideyasından əl çəkməyiblər”.
Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün təklif-ultimatumunu bir daha bəyan edib: Ukrayna öz qoşunlarını Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarmalıdır və Kiyev NATO-ya üzvlük niyyətindən imtina etməlidir.
Orban isə vurğulayıb ki, “Avropaya sülh lazımdır”. O bildirib ki, Putinlə Ukraynada sülhə nail olunması yollarını müzakirə edib.
Azadlıq radiosu