İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan iqtisadçı Fazil Qasımovun ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.
Bu haqda “Turan”a vəkil Rövşanə Rəhimova bildirib.
Müdafiə tərəfi F.Qasımovun həbsdə saxlanılmasını əsassız hesab edir: “11 aydır onunla bağlı heç bir istintaq hərəkəti aparılmır. Heç bir əsaslı səbəb olmadan istintaq və həbs müddəti uzadılır”.
Vəkili deyib ki, F.Qasımov artıq 22 gündür aclıq edir və aclığı davam etdirməkdə israrlıdır: “Onun səhhətində ciddi problemlər var. Çox sürətlə çəki itirir. Təzyiqi 60/50 nisbətinədək düşüb. Gözləri qaralır, başı gicəllənir. Biz Penitensiar Xidmətin rəisinə və Ombudsman Aparatına Qasımovun müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etmişik. Ancaq, hələlik, nəticə yoxdur”.
F.Qasımov azad olunmasına dəstək üçün beynəlxalq elm xadimlərinə müraciət edib. “35 yaşlı elm adamının şərlənərək həbsdə ölməsinə biganə qalmamağı sizlərdən xahiş edirəm”, – müraciətdə bildirilir.
Penitensiar Xidmətdən, Ombudsman Aparatından, Ədliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.
2 iyul
“80 kiloqram idi, hazırda 60”
İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov 19 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
Bu barədə “Turan”a onun qardaşı Nazim Qasımov bildirib. Dünən axşam o, qardaşı ilə telefonla danışıb: “Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq etməsinə baxmayaraq, onu ümumi kamerada saxlayırlar. Ancaq tibbi nəzarət var. Həkimlər vaxtaşırı təzyiqini ölçürlər. Dünən təzyiqi 70/50 olub. Fazilin səhhəti zəifləyib, səsi çox yavaş gəlirdi. Təcridxanaya girəndə 80 kiloqram idi, hazırda 60 kiloqramdır”.
Qardaşının sözlərinə görə, F.Qasımov dərman və qidadan imtina edir. “Mən israrla Fazildən aclığı dayandırmasını xahiş etdim. Ancaq o, yola gələn deyil. Aclığı sona qədər davam etdirmək niyyətindədir”.
F.Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamları qəbul etmir.
F.Qasımovun iqtisadçı Qubad İbadoğluya qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilir.
Azadlıq radiosu