Xəstəliyinə baxmayaraq, məhkəmə Ələsgər Məmmədlinin həbs müddətini daha üç ay uzadıb

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Bu barədə jurnalistlərə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır.

Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb, bir halda ki, böyük şiş sağ tərəfdə yerləşir.

Bundan başqa, məhkəmənin qərarına baxmayaraq, Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb.

Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib.

Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.

Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcək.

Bundan başqa, Ə.Məmmədlinin həbs müddətinin uzadılması haqqında məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.

Hüquq müdafiəçiləri bu işin fiqurantlarını siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar isə onları azad etməyə çağırıblar.

Turan