Uduzmaq “serial”ını bitirmək lazımdı.
Uzun illərdi sistemin “pressinq”ini canımızda hiss edirik. Mövcud şərtlər bizi elə əhilləşdirib ki, komanda şəklində udmağı, cəmiyyət olaraq qazanmağı təsəvvür edə bilmirik. Yaxud, cəmiyyət olaraq uğur əldə etmək bizim üçün cəlbediciliyini itirib. Ümumi maraqlar uğrunda fədakarlıq, ümumi dəyərlər uğrunda savaş vermək bizə yad təsir bağışlayır. Biz tərəzidə udmağı, lotoreyada udmağı, dominoda udmağı, qumarda udmağı daha çox xoşlayırıq. Məhlədəkiləri dominoda udan adam elə qürurlanır ki, elə bil böyük bir problemin həllinə nail olub. Biz özümüzü xırda, bugünə və sabaha heç bir xeyiri olmayan qalibiyyətlərə elə alışdırmışıq ki, əsas missiyamızdan milyon işıq ili uzaq düşmüşük. 44 günlük savaşdan sonra belə bir ümid yaranmışdı ki, uzun illərin ətaləti canımızdan çıxacaq, hərbi qələbə bundan sonrakı fəaliyyətimizə stimul olacaq. Çünki uzun illərdən sonra işğala son qoyulması, həm də kollektiv uğur idi, həmrəylik idi, özünəinamın yaranmasıydı, məğlubiyyət seriyasının başa çatmasıydı və.s
Amma avtoritarizm cəmiyyətin sevincini gözündə qoydu, “heç nə dəyişməyib” mesajı verdi. Təəssüf ki, cəmiyyət də bu mesaja adekvat cavab vermədi və kiçik arzularla “siçan-pişik” oynamaq ənənəsi davam etdirildi.
Biz kollektiv qələbənin dadını damağımızda hiss edə bilmədik, hiss edə bilmirik, “menyü” müzə daxil etmirik. Əgər cəmiyyət olaraq udmağın relsinə düşə bilsək, lotereyada udmaq, nərddə udmaq, əti ucuz qiymətə alanda udmaq kimi epizodlar bizə maraqlı gəlməyəcək. Cəmiyyət olaraq udmağın intellektual təkamülü də var. Cəmiyyət olaraq udmaq təfəkkürün formalaşması prosesidir, sağlam analiz qabiliyyətidir, təminatlı sabahdır.
Biz başa düşməliyik ki, uzun illərdi yerləşdiyimiz qəlib, əslində hər gün uduzmaqdı. Biz şəffaflığı korrupsiyaya, ədaləti hüquqsuzluğa, təhsili savadsızlığa, səhiyyəni xəstəliyə uduzmuşuq.
Ən böyük hesabla o zaman uduzduq ki, dövlətin taleyində başverənləri öz taleyimiz kimi qəbul etmədik. Birinin haqqı oğurlananda, biri sifarişlə həbs ediləndə, birinə işgəncə veriləndə, “mənə toxunmayan ilan min yaşasın” qənaətinə gəldik. Amma düşünmədik ki, bir gün o ilanın dişləri mənə də batacaq, bir gün mənə də zəhər əleyhinə zərdab lazım olacaq.
Bu qədər varlı, potensiallı ölkədə qəpiyə güllə atırıqsa, deməli, uduzmağın çempionu olmuşuq.
Lao Tszı “min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” deyirdi.
Biz udmaq niyyətiylə bir addım atmaq istəmirik, amma uduza-uduza min addım geri düşmüşük.
Avtoritarizm həm də talelərin kozinosudur. Milyonlarla insanın taleyini qumara qoyub, o talelərin məhv edilməsi sayəsində qazanırlar.
Biz ilk növbədə öz ətalətimizi, biganəliyimizi, bəhanələrimizi, inamsızlığımızı udmalıyıq. Çünki, bu “oyun”da qalib gəlmək üçün əlimizdə qətiyyətin, inamın, iradənin “kart”ı olmalıdır.
Uduzmaq bizi bezdirməlidir, yormalıdır, qəzəbləndirməlidir.
Platon “ən böyük zəfər insanın özünə qalib gəlməsidir” deyəndə, məhz iradəni, qətiyyəti, təslim olmamağı nəzərdə tuturdu.
Biz uzun illərdi özümüzün çəkildiyimiz “uduzmaq serialı”na baxırıq. İndi özümüzün baş rolda olduğumuz “udmaq filmi” nə ehtiyac var.
Nəhayət, udmağı ənənəyə, tərzə, taleyə çevirməliyik. Bütöv bir ömrü uduzmaqla israf etmək haqsızlıqdı. XALQ- UDUŞun antonimi yox, sinonimi olmalıdır və belə qəbul edilməlidir.