Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq, amma bunun vaxtı hələ müəyyən edilməyib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də ölkə parlamentində danışıb.
Hələ bu ilin fevralında N.Paşinyan ölkənin KTMT üzvlüyünün dondurulduğunu elan edib. Mayın əvvəlində isə Ermənistan hakimiyyəti KTMT-nin maliyyələşdirilməsində iştirak etməyəcəklərini açıqlamışdı.
5 iyun
Yerevan Moskva ilə təmaslardan qaçır
“Ermənistan xarici işlər və müdafiə nazirlikləri xətti ilə Rusiya ilə təmaslara maraq göstərmir. Bu da Qərbin təzyiqinin nəticəsidir”. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə nazirlikləri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu Yerevanı ölkəmiz ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərbçilərin təzyiqinin nəticəsi kimi görürük”, – nazir müavini qeyd edib.
Bununla belə, o, ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyəti problemli məqamların aradan qaldırılması istiqamətində işləmək barədə açıq səsləndirdiyi niyyətini əməldə sübut edəcək: “Biz buna hazırıq”.
Eyni zamanda, M.Qaluzin Moskva ilə Yerevan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib: “Bu yaxınlarda, mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub. Rusiya hökumətinin sədri Mixail Mişustin fevralda erməni həmkarı ilə görüşüb”.
Azadlıq radiosu