Vəkil Ali Məhkəmə sədrindən kömək istəyir

Vəkil Bəhruz Bayramov nümayəndəsi olduğu iş üzrə məhkəmələrdə baş verən nöqsanların aradan qaldırılması, işə qanunun tələblərinə uyğun baxılması üçün sosial şəbəkələr vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. Müraciətdə deyilir:

“Ali Məhkəmənin sədri cənab İnam Kərimova!
Hörmətli sədr, siz sədr təyin olunandan sonra mülki məhkəmə icraatında müsbət dəyişiklər baş verib, ancaq bunu cinayət icraatında (yəni hansı işləri dediyimi bilirsiniz) olan işlərə şamil etmək olmaz. Konkret Binəqədi Rayon Məhkəməsində nümayəndə olduğum iş üzrə başıma gələn işin faktiki hallarını sizlərə demək istəyirəm.
Nümayəndəsi olduğum Etibar Fərman oğlu Məhərrəmova qardaşı oğlu Çin Xalq Respublikasından gətirilmiş qapı-pəncərələr üçün 82.000 (azn) manatlıq həngəmə verir. O, isə dostu N.T.A-ya saxlamaq üçün 82.000(azn) manatlıq mal verir. Aralarında nə saxlanc, nə də icarə müqaviləsi olur. Etibar Məhərrəmov nə sahibkarlıq subyekti deyil, nə də bu fəaliyyətlə məşğul olur. Dostu N.T.A onun icazəsi olmadan həmin malları qanunsuz olaraq satır. E.Məhərrəmov bununla bağlı Sumqayıq Şəhər Prokurorluğuna müraciət edir. Araşdırma zamanı prokurorluq orqanı tərəflərin sahibkarlıq subyekti və aralarında öhdəliyə dair müqavilə olmadığını əsas gətirərək bu iş üzrə AR CM-nin 179-cu maddəsi ilə cinayət işi qaldırmaq iddiasını rədd etdi. Mülki məsələ sayıldığı üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. İş hakim Günel Məhərrəm qızı Abbasovanın sədrliyi ilə 21.08.2023-cü il tarixdə icraata qəbul olundu. Verdiyim vəsatət əsasında qarşı tərəfin əmlakına həbs qoyuldu. Qarşı tərəf əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət versə də, hakim qəbul etmədi və sonda öz təşəbbüsü ilə ekspertiza təyin etdi.
Ekspertizanın rəyinin verilməsi 6 (altı) ay çəkdi. Verilən rəy xeyrimizə oldu. Bir həngəmənin qiymətini biz 0,50 (azn) manat qiymətləndiririksə, rəy üzrə 0.75 (azn) manat hesablandı. Hakim Günel Abbasova Bakı Apelyasiya Məhkəməsinə təyin olunduğundan, iş hakim Etibar Mustafayevin icraatına keçdi. İkinci məhkəmə baxışı zamanı hakim işin Bakı Kommersiya Məhkəməsinə aid olduğunu bildirib, qərardadla ora göndərdi. Hakimə bu qərardadın qanunsuz olduğunu xatırlatdığımı bildirdikdə, gedin “hakim Günel Abbasovadan soruşun” dedi.
Hörmətli sədr! Qanunvericiliyin tələblərini xatırladıram. Azərbaycan Respublikası MPM-in 44.1. Aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin Məhkəmədə həll olunmalıdır.
18 sentyabr 2020-ci il Ali Məhkəmə Plenum qərarının 13-cü bəndinə əsasən tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud aytrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktən irəli gələn tələbə aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektini özünün fəaliyyətinin həyata keçirməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Cənab İnam Kərimov, Məhkəmə Hüquq Şurasının sədri olaraq bu faktlarda göstərilən nöqsanların araşdırılmasına göstəriş verməyinizi sizdən xahiş edirəm”.