Yorğunluq…

İlham Hüseyn

Hamının simasında yorğunluq var. Adamların təkcə əli-ayağı yox, ümidi, inamı da yorulub. Əslində, bizi fiziki yorğunluq əldən salmadı. Bizi ətalət, susqunluq, bəhanələr, biganəlik, qorxu yordu. Biz həyatımızın rəngsizliyini fiziki yorğunluğun sayəsində xilas etməyə çalışdıq. Amma aylar, illər keçdi və gördük ki, problemlərdən xilas ola bilmirik. Qazandıqlarımız itirdiklərimizi sığortalaya bilmədi. Qidanın keyfiyyətisz, qazancın bərəkətsiz, canımızın xəstə olmasından gileyləndik, amma əsas səbəbi tapa bilmədik.
Bizə göstərdilər ki, yaxşı görünən hər şeyin içi çürükdür. Adamın təmənnasız vicdanlı, vətənpərvər, ədalətli olmağının mümkünsüzlüyünə inandırdılar. Hamıya göstərməyə çalışdılar ki, qəhrəman kimi görünən hamının əli şərin cibindədir. Cəmiyyət həm də inandığı adamların şərin çadırından çıxdığını görə-görə yoruldu. O qədər yoruldu ki, şərin çadırına girməyənlərə qarşı da tərəddüd yarandı, “onlar da gec-tez təslim olacaqlar” inamı hakim kəsildi.
Əslində, azadlığın, hüququn, ədalətin öldürülməsi, cəmiyyəti heydən salmaq, yormaq üçündür. Ən pisi budur ki, avtoritar rejimlərdə fədakarlıq etmədən yorulmaq tendensiyası yaranır. Yəni, adamlar mübarizə aparmadan, fədakarlıq etmədən nəticə görmək istəyir. Görə bilməyəndə də “ömrümüz getdi, bundan sonra da heç nə düzəlməyəcək” inamına tapınırlar. Hansıki, doğru olan istiqamətdə yürüsəydilər, yorğunluqlarını çoxdan arxada qoymuşdular.
Uzun illərdən sonra görünən budur ki, inamsızlıq mənəvi yorğunluq yaradır və buna görə də rejim inamsızlıq istehsalına davam edir.
Düşünürəm ki, biz inamsızlığın yaratdığı yorğunluqdan xilas olmalıyıq. İnanmalıyıq ki, yaxşılar bitməyib, prinsipinə sədaqətli adamlar tükənməyib, şərə təslim olmayanlar var və sona qədər də təslim olmayacaqlar.
Zaman göstərir ki, ən yaxşı istirahətlər, vətəndaş olaraq yorulduqdan sonra başlayır. Yəni, hüquq uğrunda, azadlıq uğrunda savaşıb yorulursan ki, dəyərlərin əhatəsində hüzurla dincələ biləsən.
Təslimçiliyin ağ bayrağını qaldıra-qaldıra yorulub əzilməkdənsə, mübarizənin bayrağını qaldıraraq yorulub, qürur mərhələsinə qədəm qoymaq şərəflidir.
Bütün şərəfli yollar daşlı-kəsəkli olur. “Asan və şərəfli yol” ifadəsinə rast gəlmisiz? Gələ bilməssiz. Göz önündə xəzinə basdırıldığını görmüsüz? Görə bilməzsiz. Azadlıq, hüquq, ədalət elə bir xəzinədir ki, daşlı-kəsəkli yolardan keçərək tapmaq olar.