Həbsdə olan ictimai fəal İlhamiz Quliyev deyir ki, polislərin vətəndaşları narkotiklə necə şərləməsi barədə müsahibəsinə görə cəzalandırılıb. Onun sözlərinə görə, bu müsahibə yayımlanandan az sonra onun özünü də eyni üsulla şərləyib həbs etdilər. O öz məhkəməsində bu barədə danışıb.
Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunan İ.Quliyev altı aya yaxındır həbsdədir. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Mayın 16-da o, məhkəmədə ifadə verib.
Cinayət işinin materiallarında iddia edilir ki, İ.Quliyev dekabrın 4-də saxlanılarkən cibindən külli miqdarda narkotik çıxıb. İctimai fəalsa deyir ki, yalandır, həmin narkotiki cibinə Yasamal rayonu, 28-ci polis bölməsində polislərin özləri atıb.
İ.Quliyev məhkəmə ifadəsində həbsindən öncə polislərin onu izlədiyini, hətta telefonla onları görüntülədiyini də bildirib. Saxlanılarkən telefonunun dərhal əlindən alındığını deyən İ.Quliyev hakimlərdən telefonunun məhkəməyə gətirilməsini və həmin görüntülərə baxış keçirilməsini xahiş edib.
Niyə hədəfə çevrilməsindən söz açan ictimai fəal əvvəllər polisdə işlədiyindən o sistemdə baş verənləri bildiyini, bir sıra media orqanında ekspert qismində müsahibə verdiyini söyləyib. “AbzasMedia” da ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə material hazırlarkən ondan bu barədə açıqlama alıb. O, kimliyini açıqlamadan verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə gerçəkləşdirilməsindən danışıb. Elə həmin materialın yayımlanmasından bir neçə gün sonra inzibati qaydada 30 sutkalıq həbs olunub. İddia edilib ki, küçədə telefonla danışanda söyüş söyüb və ondan özünü ədəbli aparmasını istəyən polislərə tabesizlik göstərib.
“Görürdüm ki, eyni adamlar iki fərqli maşınla məni izləyirlər”
İ.Quliyev deyir ki, inzibati həbsdən buraxılandan sonra ölkədən çıxmaq istəsə də, hava limanından geri qaytarılıb. Məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub: “Bundan sonra görürdüm ki, eyni adamlar iki fərqli maşınla məni izləyirlər. Şəkillərini də çəkmişdim. Dekabrın əvvəlində evdən çıxanda mülkigeyimlilər məni saxladı. Aparmaq istəyəndə pilləkənlərin məhəccərindən tutub qışqıra-qışqıra yoldaşımı çağırırdım. Bunlar da məni sürüyüb aparmağa çalışırdı. Görəndə ki yoldaşım eşidib çıxır, cinsiyyət orqanımı sıxdılar, ağrıdan müvazinətimi itirdim, sürüyə-sürüyə apardılar”.
Azadlıq radiosu