Səttar Şahlarov: «Sabirabadda hər an insanlar rejimə qarşı qalxa bilər»
Sabirabadda AXCP-nin 7 yerli fəalının polisə çağırılaraq hədələnməsi əks-effekt doğurub. Partiyanın rayon şöbəsi baş verənlərlə bağlı etiraz xarakterli bəyanat qəbul edib. Bəyanatda göstərilir ki, son vaxtlar hakimiyyət insanların konstitusion hüquqlarını daha kobud şəkildə pozur. Söz azadlığı, sərbəst toplaşmaq hüququ və bu kimi digər demokratik dəyərlər kəskin şəkildə məhdudlaşdırılıb: “Bununla kifayətlənməyən hakimiyyət mütərəqqi fikirli insanları şərləyərək həbs edir, işdən çıxarır, müxalif düşüncəli insanların hətta yaxın-uzaq qohumlarına belə, təzyiq göstərməkdən çəkinmir.
Dünyada baş verən demokratik dəyişikliklər, xüsusən də Yaxın Şərqdəki ərəb dövlətlərində diktatorların hakimiyyətdən qovulmaları hakimiyyəti ciddi şəkildə narahat etdiyindən, belə vasitələrlə insanların əl-qolunu bağlamağa çalışırlar. Amma unudurlar ki, bu hərəkətlə özlərini nəinki xilas edəcək, əksinə, hakimiyyətlə xalq arasında yaranmış uçurumu daha da dərinləşdirəcəklər. AXCP-nin Gənclər Komitəsinin fəal üzvü Cabbar Savalanlı şərlənərək həbs olunandan sonra bu dalğa Sabirabad rayonuna ötürülmüşdür”.
Bəyanatda həmçinin qeyd olunub ki, AXCP-nin Sabirabad şöbəsinin fəallarını ləkələmək üçün hakimiyyət əhali arasında sosial problemlərlə bağlı mitinq olacağı barədə şayiələr yaydırıb, son nəticədə cəbhəçiləri Irana işləməkdə günahlandırmağa cəhd göstərib: “Fevralın 10-da AXCP-nin Sabirabad şöbəsinin 7 fəalı Sabirabad Rayon Polis Şöbəsinə aparılaraq, onlara qarşı müxtəlif qarayaxma üsullarından istifadəyə cəhd olunub. Cəbhəçilərin dəyanəti qarşısında aciz qalan polislər onları sərbəst buraxmağa məcbur olub”. AXCP-nin Sabirabad şöbəsi hakimiyyətin belə hərəkətlərindən narahatlığını bildirir. Çünki bu cür davranışın idarəolunmaz sosial partlayışa aparıb çıxaracağı istisna olunmur ki, bu da istər-istəməz təşviş yaradır. Ona görə də cəbhəçilər hakimiyyətdən bu cür idarəçilikdən əl çəkməyi tələb edir.
AXCP-nin Sabirabad rayon şöbəsinin sədri Səttar Şahlarov “Azadlıq”a açıqlamasında bildirib ki, polisin onlara qarşı başladığı hədə-qorxu, şərləmə kampaniyası cəbhəçilərdə zərrə qədər də qorxu yaratmayıb: “Bu cür metodlar həmişə tətbiq olunub və heç vaxt da səmərə verməyib. AXCP Sabirabad şöbəsinin mübarizə ilə dolu zəngin tarixi var. Yarandığımız ilk gündən bizim sıralarımızdan siyasi məhbuslar da olub, təzyiqlərlə üzləşənlər də. Ancaq həmişə bu proseslərdən üzüağ çıxmışıq”.
Rayondakı vəziyyətdən söz açan S.Şahlarov həmçinin Sabirabad əhalisinin kəskin sosial problemlər içində yaşadığını deyib: “Rayonda ciddi işsizlik problemi var. Ünvanlı sosial yardımların verilməsində rüvşətxorluq halları baş alıb gedir. Kəndlər işıqsız, qazsızdır. Insanlara ağlasığmaz kommunal borclar yazırlar. Bütün bunlar isə hakimiyyətə qarşı kəskin qəzəb formalaşdırıb. Hər an insanların rejimə qarşı qalxması mümkündür. Belə bir olay nə vaxtsa baş verəcəksə, burada hansısa xarici müdaxilə, hər hansı mafiozun dirijor çubuğunu axtarmaq lazım deyil. Insanlar hakimiyyətin yaratdığı zülmdən bezərək bu rejimə qarşı qalxacaq”.
Natiq