Ötən il peykin sıradan çıxması ‘Azərkosmos’un gəlirlərinə necə təsir edib?

Ötən ilin aprelində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) açıqlama yayaraq bildirmişdi ki, “Azersky” peyki missiyasını başa çatdırıb. 10 il istifadəsi nəzərdə tutulan peyk öz fəaliyyətini bir il erkən başa vurdu. Buna səbəb peyklə informasiya mübadiləsinin dayanması idi. “Azərkosmos”un açıqlamasında qeyd edilirdi ki, bu, kosmik tullantı və ya meteoritlə toqquşmadan qaynaqlana bilərdi.

Sözügedən olayadək Azərbaycanın orbitdə üç peyki vardı. Bunlardan ikisi – “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləridir. Onlar orbitə, uyğun olaraq, 2013 və 2018-ci illərdə buraxılmışdı. İndi bu peyklərlə yerli və beynəlxalq səviyyəli və toplam 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, üstəlik, internet xidmətləri də göstərilir. Vaxtından öncə sıradan çıxan “Azersky” peyki isə Yerin məsafədən müşahidə peykidir. Bu peyk orbitə 2014-cü ildə çıxarılıb. “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə Azərbaycanın birbaşa, qeyd-şərtsiz çıxış imkanı vardı. “Azersky” peykinin xidmətlərindən müdafiə və güvənlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilirdi.

Gəlirlər 7 milyon dollar azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” hesabatında göstərilən rəqəmlərdən anlaşılır ki, “Azersky” peykinin fəaliyyətini dayandırması “Azərkosmos”un gəlirlərini azaldıb. Ötən il “Azərkosmos” telekommunikasiya xidmətlərinin ixracından 19.8 milyon dollar gəlir götürüb. 2022-ci ildə qurumun gəliri 26.6 milyon dollar idi. Deməli, 2023-cü ildə “Azərkosmos” 2022-ci illə müqayisədə 6.8 milyon dollar və ya 26 faiz az gəlir qazanıb.

Azadlıq radiosu