Qənimət Zahid
Cəmil müəllimin «Zamanın sınağında» adını verdiyi memuarının ilk oxucularından biri olduğumdan məmnunam. Əlbəttə, bu, yalnız ona görə də ola bilərdi ki, kitab çox möhtəşəm bir ədəbi hadisədir. Bu kitabı oxuyanların sosial şəbəkələrdəki qeydlərinin yəqin ki, hamısını bircə- bircə oxumuşam və bir az da sevinmişəm müəllimin bu uğuruna. «Bir az da sevinmişəm» də bir az qısqanc ifadə ola bilər, əslində çox sevinmişəm.
Cəmil müəllim tarixçi olmasa, yazıçı olardı qənaətini bərkidib bu kitab xeyli adamda. Mən də razıyam ki, belədir. Amma müəllimin tarix haqqında əsərləri də elə romanlar kimi yazılıb: sadəcə, bu romanlarda fantaziyaya yer yoxdur.
Sonra da xatırlayıram ki, Cəmil müəllimin nitqi də elədir. Həm də indilərini deyil, on illər bundan əvvəl audiyoriyada mühazirələrini dinlədiyim zaman müəllimin sanki mənzum dərs dediyini düşünürdüm. Həlim səslə, aramla, danışdığı tarix hekayətlərinin içindəyimiş kimi, ən xırda detalları belə mühüm xronoloji faktlar kimi qabardaraq… yəni, «tarixdə təsadüfi və ya əhəmiyyətsiz hadisələr olmur» iddiası ilə.
İki hissəyə ayrılır «Zamanın sınağında». Müəllim və alim Cəmil Həsənlinin həyatı və ondan daha əvvəlki mərhələ : böyük bir azərbaycanlının, dünyada tanınmış tarixçimizin, ləyaqətli siyasət adamının yetişdiyi mühit.
Baxın, sizə bir sirr açım. 20-25 il bundan əvvəl qəribə bir ideya girmişdi beynimə. Düşünürdüm ki, Sovet zamanı Azərbaycan xalqının, azərbaycanlıların tarixi yazılmayıb, ağırlıqlı olaraq Sovet İttifaqı Kommunist Partiyasının tarixi və ya təhrif edilmiş tarix epizodları yazılıb- öyrədilib. Azərbaycanda nəsillərin, obaların, tayfaların tarixini yazmaq haqqında düşünmüşdüm və bilirdim ki, bu, tək adamın görə biləcəyi iş deyil. Atamdan- babamdan, bizim tərəflərdəki yaşlı insanlardan elat tarixinə aid hekayətləri dinləmişdim, ailələrin- nəsillərin bir- biri ilə qohumluq əlaqələri, məşğuliyyətləri, yaylaq- qışlaq qayğıları, nə bilim ötən əsrin əvvəllərindəki qanlı- qadalı hadisələr, hətta 37-lərin şahidi olan qocaların danışdıqları,.. bu hekayətlərin içində yaşayan azərbaycanlılar… öyrədilməyib və bəlkə heç, yazılmayıb da.
«Zamanın sınağında»kı birinci mərhələ yalnız Cəmil Həsənlinin deyil, o çağın insanlarının hekayətləri kimi maraqlıdır. Cəmil müəllim həmin dövrü elə təsvir edib ki, hər bir personaj hekayətin içərisində qabarıq görünür- əsas surət kimi. Əlbəttə, həmin dövrü- uşaqlıq, yeniyetməlik, gənclik dövrünü yazanda Cəmil müəllim əlinin altındakı sənədlərə yox, yaddaşına güvənib. Bilmirəm, həmin zamanlarla bağlı hansı sənədlər ola bilərdi ki? O dövrün olaylarını üstündən 50-60 il keçəndən sonra bu qədər dəqiqliklə, dirliklə yadda saxlamaq çətin gəlir adama. Amma yaşlana- yaşlana əvvəlki çağları ənənəyə çevirə bilirsənsə, 50 il sonra belə birinci sinfə gedəndə ayağındakı ayaqqabının rəngini də xatırlaya bilirsənsə, bu, yaddaş fenomeni deyil, həyat hekayətlərini zəncir kimi bir- birinə bağlayıb yaşamaqdır. Hər gün əvvəlki günün hesabatını vermək üçün hazır olmaq məsuliyyətidir. Bu dövr mənim üçün çox cəlbedici gəldi. Oxuya- oxuya gördüm ki, Cəmil müəllimlə eyni «frekanslarda» yaşamışıq… Eyni kənd həyatı, yaylaq- qışlaq, çoban binələri, küdrü,.. indiki orta məktəb uşaqlarının əlindən düşməyən smartfon- internet əvəzinə- kitablar !
«Zamanın sınağında»kı alim, ictimai xadim, siyasətçi Cəmil Həsənli də mənə çox yaxındır, əlbəttə. Mən Cəmil müəllimi 80- ci illərdən tanıyıram, onun Universitetdəki fəaliyyəti, universitetdən kənardakı ictimai fəaliyyəti haqqında məlumatı çox olan şəxslərdən sayıla bilərəm. Kitabın bu hissəsində təsvir edilən olayların da çoxunun ya içində olmuşam, ya da lap yaxın kənarda bir yerlərdən hənirini ala bildiyim hadisələrdir. Amma bu olaylar, bu proses Cəmil müəllimin təsviri ilə gözəldir. Film kimidir. Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixini, müstəqilliyin ilk çağlarının tarixini bu qədər sevgiylə qələmə almaq bir sonrakı nəsillər üçün mənbə yaratmaqdır. Bunu Cəmil müəllim də etməyib kim edəcəkdi ki?!
Amma kitabın bu bölümünü yazmaq daha ağır olub deyə düşünürəm. Birinci dövrdə insanlar dəyişməyib, bir həyat hekayəsidir, axıb gedir, təqvim dəyişir, o dövrün insanlarını sınağa çəkən dramatik olaylar yoxdur.
Amma ikinci dövr – çox amansızdır, həm hadisələr- proseslər burulğan kimdir, həm də insanlar bu zamanın ələyinə uyğundur. Cəmil müəllim isə tarix yazır. Ağır və amansız dövrün tarixini yazmaq üçün daşdan keçən sənədlərə söykənməlisən. Birinci dövrün adamlarına bircə kəlmə sözlə güvənə bilərsən. İkinci dövrün adamlarına isə bəzən möhürlü- imzalı arayışlar da kar etmir. Amma Cəmil müəllim daşdan keçən arqumentləri ilə yazır. Cəsarətlə, ən başlıcası dürüst, obyektiv, özünü azacıq, lap azacıq kənara çəkərək bütün adamları və prosesləri təsvir edir. Sanki ekranı ikiyə bölür: bir tərəfində özü dayanıb, o biri tərəfində də sizin baxdığınız hekayətləri və sizə baxan adamları anladır.
«Zamanın sınağında» şəkil albomu kimidir. Vərəqləri bir- bir çevirib baxırsan. İlahi, kimlər getdi, kimlər qaldı? Kimlər öldü, kimlər ölmədi, kimlər diri- diri öldü, kimlər ölsə də diridir…
Bu təəəssüratları bəlkə daha əvvəl yazmalı idim. Amma bu zamana qədər başqalarının yazdıqlarını oxuyurdum.
Təşəkkürlər, Müəllim!