AzTv və İctimai TV Putinin çıxışını niyə canlı yayınladı. ‘Sanki insanları sonrakı proseslərə öyrəşdirirlər’

Rusiya prezidenti Vladimir Putinin öz xalqı üçün keçirdiyi ənənəvi mətbuat konfransını bu il AzTv və İctimai TV Azərbaycan xalqı üçün də yayınlayıb. Həm də 4 saat 4 dəqiqə, tərcüməsiz, rus dilində. Məsələnin qeyri-adi qarşılanması başqa bir ölkənin prezidentinin öz xalqına ünvanlanmış mesajlarının niyə Azərbaycanda yayınlanmasıilə bağlıdır. Özü də söhbət bu gün dünyada təcrid olunmuş və aqressor kimi tanınan ölkənin başçısının mesajlarından gedir.

AzTv-nin izahı

Kremlin başçısının dekabrın 14-də 4 saatlıq mətbuat konfransı Azərbaycan televiziyalarının efirindən deyil, Youtube kanalları üzərindən yayınlanıb. AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəhbəri və mətbuat katibi Rüfət Seyidov AzadlıqRadiosuna açıqlamasında bunun səbəbini sosial media auditoriyasının tərkibi ilə izah edib: “AzTv-nin Youtube səhifəsində kontentin böyük qismi Rusiya kontentidir… Səbəb Rusiya prezidenti olmasından asılı deyil. Əgər (Aİ Şurasının Prezidenti) Şarl Mişelin mətbuat konfransı ingilis dilində olsaydı, onu da verəcəkdik. (ABŞ Prezidenti Co) Baydenin açıqlaması olsaydı onu da verəcəkdik”. Rüfət Seyidov onu da əlavə edib ki, AzTv sosial medianın qaydalarını əsas götürərək Vladimir Putinin mətbuat konfransını canlı yayınlayıb. Çünki həmin gün həmin aralıqda AzTv-nin özünün effektiv materialı olmamışdı və ona görə də kanalın Youtube kontentinin tərkibini əsas götürərək Putinin mətbuat konfransı canlı yayımlayıb.

AzTv-nin Youtube izləyicilərinin coğrafi ərazisi daha çox Rusiyada yaşayanlar ola bilər, amma bu heç də o demək deyil ki, onlar etnik ruslardılar. Rəsmi mənbələrə görə 1,5 milyon, qeyri-rəsmi mənbələrdə isə 2,5 milyon azərbaycanlının Rusiyada yaşadığı bildirilir. Rusiya üzərindən AzTv-yə baxanların azərbaycanlılar olması şübhə doğurmur. Digər bir məsələ isə budur ki, Putinin rus dilindəki mətbuat konfransı AzTv-nin rus dilindəki “Novosti” pleylistindən deyil, məhz Azərbaycan dilində verilişlərin yerləşdiyi ana səhifədən transilyasiya edilib. Onu da qeyd etmək lazımdır ki, rus dilində çıxan “Novosti” pleylistinin video materialların cəmi sayı 3 min 515, ümumi baxış sayı isə min 675-dir. Sonuncu rəqəm 396 min nəfər izləyicisi olan AzTv-nin rusdilli kontenti haqqında hər şeyi özü deyir. Yeri gəlmişkən, 400 minə yaxın izləyicisi olan AzTv üzərindən Putinin mətbuat konfransına 8 min baxış sayı olub. Youtube-da 1milyon 100 min izləyicisi olan İctimai TV-də isə Putinin mətbuat konfransı 15 min izləyici üçün maraqlı olub.

AzTv-nin nümayəndəsinin “Şarl Mişelin və Baydenin də olsaydı, ingilis dilində mətbuat konfranslarını verəcəkdik” açıqlamasından sonra AzTv-nin sosial media kanallarının son bir neçə ilin monitorinqi oxşar yayımların olmadığını göstərdi. Məsələn, ötən il dekabrın 10-da Beynəlxalq İnsan haqları günündə ABŞ prezidenti Co Baydenin (Joe Biden) dünyada demokratiyanın yayılması mövzusunda tarixi çıxışı olub. Yaxud Azərbaycanla birbaşa əlaqəsi olan 5 oktyabr Qranada görüşü. İlham Əliyevin imtina etdiyi bu görüşdən sonra Şarl Mişelin jurnalistlər üçün ingilis dilində brifinqi keçirildi və Azərbaycan prezidentinə mesajları səsləndi. Amma bunların heç birini AzTv canlı verməmişdi.

Azadlıq radiosu