Dekabrın 6-da Yasamal Rayon Məhkəməsinda ictimai fəal İlhamiz Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə prosesi keçirilib. O Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, müstəntiq İlhamiz Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmışdı:
“Məhkəmədə həm mən, həm də İlhamiz çıxış etdi. Biz bildirdik ki, onun barəsində həbs seçilməsi üçün heç bir əsas yoxdur. O məhkəmə və istintaqın çağırışlarına gedəcək adamdır. Qaçıb gizlənmək kimi bir niyyəti olmayıb. Çox təəssüf ki, məhkəmə bizim arqumentlərimizi qiymətləndirmədi. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdi. İlhamiz Quliyev bildirdi ki, ona qarşı qaldırılan ittiham tamamilə əsassızdır. O nə narkotik vasitə qəbul etmir, nə də satışı ilə məşğul olmur” – vəkil qeyd edib.
İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb. Yaxınlarının sözlərinə görə, saxlama zorakılıqla həyata keçirilib. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media” internet nəşrinə verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.
Amerikanın səsi