Afiəddin Məmmədov səhhətindən şikayət edir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun sağlamlığında problem yarandığı bildirilir.

Vəkil Zibeydə Sadıqova bildirib ki, A.Məmmədov sümüklərin və bədənin sağ tərəfinin kəskin ağrılarından şikayət edir: “Afiəddin deyir ki, bununla bağlı artıq iki həftədir həkim müayinəsi və müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, müraciətə baxılmır”.

A.Məmmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

A.Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü – Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir. Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama – küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir. Onların da ittihamları qəbul etmədikləri bildirilir.

Azadlıq radiosu