Bu gün, noyabrın 28-də ABŞ və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
XİN-in açıqlamasına görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə AbzasMedia xəbər portalının “qeyri-qanuni” maliyyə əməliyyatları həyata keçirdiyi, sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və buna etiraz bildirilib: “Azərbaycan qanunvericiliyə əsasən, qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb”.
Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, sözügedən ölkələrin səfirliklərindən münasibət almaq mümkün olmayıb.
AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçaqmalçılıq) maddəsi ilə ittiham ediliblər. Amma ittihamları qəbul etmirlər, həbslərini peşə fəaliyyətləri, korrupsiya araşdırmaları ilə izah edirlər.
Görüş və telefon danışıqlarına qadağa qoyulub
AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüş və telefon danışıqlarına qadağa qoyulub.
Bu hüquq müstəntiqin qərarı ilə 3 aylığa məhdudlaşdırılıb.
S.Vaqifqızının vəkili Aqil Layıc məhdudiyyət qərarının qanunsuz və əsassız olduğunu deyir. Müdafiəçi müstəntiqin qərarından məhkəməyə şikayət edəcəyini bildirib.
Noyabrın 24-də Bakı İstintaq Təcridxanasında S.Vaqifqızı ilə görüşdüyünü deyən vəkilin sözlərinə görə, o, özünü qətiyyən təqsirli bilmir: “Həbsini jurnalist kimi araşdırmaları ilə əlaqələndirir”.
Azadlıq radiosu