Son vaxtlar Azərbaycanda jurnalist və tənqidçi media resursları təmsilçilərinin həbslərindən əvvəl hökumət nümayəndələri, hakimiyyətə yaxın mediaların həmin şəxsləri hədəf seçməsi, onları “casus”, “vətən xaini” elan etmələri müşahidə olunmaqdadır. Hətta ABŞ-da təhsil almış şəxslərlə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan görüş iştirakçıları da “casus şəbəkəsi” kimi təqdim olundu.
“XXI əsrin 20-ci illərində ölkə yenidən 37-ci ilin…”
Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli AzadlıqRadiosuna bildirib ki, bu, 1937-ci ilin dəsti-xəttidir, 1937-nin qaralama metodudur: “37-də kimin haqqında həbs qərarı verilirdisə, ona qarşı mətbuatda qaralama kampaniyası başlayırdı. NKVD (Xalq Daxili İşlər Komissarlığı) onlar əleyhinə öz əlaltılarına “ifşaedici” material verirdilər. Və ya ayrı-ayrı adamlara onlar əleyhinə yazmaq tapşırığı verirdilər. İclaslardakı çıxışlarda onlara məhkəmədən öncə “xalq düşməni” damğası vurulurdu. Məsələn, Hüseyn Cavidə, Mikayil Müşfiqə, Əhməd Cavada, Abbas Mirzə Şərifzadəyə qarşı həbsdən əvvəl belə kampaniyalar olmuşdu”.
Onun fikrincə, XXI əsrin 20-ci illərində ölkə yenidən 37-ci ilin metodlarına qayıdıb: “Adamlar həbsdən öncə informasiya hücumuna məruz qalır, mediada təhdid edilir, məhkəmənin hökmü olmadan haqqında “cinayətkar”, “agent”, “casus”, “5-ci kolon” və sair ifadələr işlədilir. Son vaxtlar Doktor Qubad İbadoğluya, AbzasMedia-nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızına, ToplumTV-yə qarşı belə qaralama kampaniyası müşahidə olunur”.
“Hansı xarici ölkə ilə ziddiyyətlər yaranırsa…”
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərovun sözlərinə görə, Azərbaycan hakimiyyəti zaman-zaman süni əsaslarla, uydurma motivlərlə ölkə daxilində “casus ovu”na çıxır: “Hökumətin hansı xarici ölkə ilə siyasi, diplomatik ziddiyyətləri yaranırsa, mexaniki olaraq ölkənin daxilində “casus ovuna” çıxılır. Bu onu göstərir ki, dövlət institutları vətəndaşın bütün həyatını, fəaliyyətini, hüquqlarını nəinki nəzarətə götürüb, bütövlükdə kobud müdaxilələrə məruz qoymaqdadır”.
“”37-ci il repressiyaları” adlandırmaq absurddur”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə belə fikirlərlə razı deyil. O, “Turan”a bildirib ki, özünə hörmət edən dövlət oxşar situasiyalarda adekvat addımlar atır.
Onun sözlərinə görə, “dumanlı” məqamlar göstərir ki, ABŞ bir sıra rıçaqları vasitəsilə ölkələrin daxili işlərinə qarışmaq, o ölkələrdə vətəndaş həmrəyliyini pozmaq kimi addımlar atır: “İndiki halda da biz bu tendensiyanın və bu faktların öz təsdiqini tapdığını görürük. Belə ki, AbzasMedia qurumunu araşdıranda onun elə bir ciddi gəlir mənbəyi yoxdur, sıradan bir mətbu orqandır. Amma onun ofisindən 40 min xarici valyuta tapılıb. Eyni zamanda, müxtəlif beynəlxalq donor təşkilatları tərəfindən maliyyələşdirilməsi ilə bağlı çox ciddi şübhələr var”.
E.Nəsirov hesab edir ki, bu prosesləri “37-ci il repressiyaları” adlandırmaq absurddur və bu məsələdə heç bir siyasi təqib yoxdur.
Yaxınlarda həbs edilən AbzasMedia-nın rəhbər şəxsləri qaçaqmalçılıqda ittiham olunurlar. Onlar ittihamları qəbul etmir, bunu hazırladıqları araşdırmalarla izah edirlər.
Azadlıq radiosu