Milli Şuranın sədri, professor Cəmil Həsənli
Sevinc Vaqifqızı həbs edildi. Peşə fəaliyyətinə görə, hakim ailənin və hakim elitanın korrupsiya əməllərini araşdırdığına görə həbs edildi. Qçaqmalçılıq-zad boş söhbətdir. Qaçaqmalçılıqla məşğul olanlar, Azərbaycan xalqına məxsus sərvətləri, milyardlarla korrupsiya pullarını, büdcə vəsaitlərini qaçaqmalçılıq yoıu ilə, əyri yolla Britaniya Virgin adalarından, Panama papersdən, Şeyşel adalarından tutmuş 4 milyard dollarlıq Azərbaycan çamaşırxanasına, Pandora papersə qədər oğurlayanlar Sevinc Vaqifqızını para qaçaqmalçılığı itihamı ilə həbs etdilər.
Tez-tez Azərbaycan cəmiyyətində belə bir ritorik sual dolanırdı: Rusiya müxalifətinin rəhbərlərindən olan Aleksey Navalni həbs olunacağını bilə-bilə Almaniyadan Rusiyaya qayıtdı. Azərbaycanda belə yoxdur deyirdilər. Buyurun gənc jurnalist Sevinc Vaqifqızı həbs olunacağını bilə-bilə mindi təyyarəyə gəldi Bakıya. Hava limanında həbs edildi. Saxta ittihamla saxlanıldı. Cəmiyyətə örnək verdi.
Çoxdan tanıyıram Sevinci, hələ “Azadlıq” qəzetində işləyəndən. Onun işgüzarlığı, prinsipiallığı, kimliyindən asılı olmayaraq güzəştə getməməsi, peşəsinə hörmətlə yanaşması, maksimalistliyi haqqında “çətin adam” obrazını formalaşdırmışdı. Onun fəaliyyətini izləyəndə Rəsulzadənin qələmin müqəddəs vəzifəsi millətə xidmətdən keçir ifadəsini (bir az fərqli formada bu ifadə Mirzə Cəlildə də var) xatırlayırdım. Dorusu Azərbaycan cəmiyyətində belə bir gəncin, gənc qələm sahibinin formalaşması qürurverici idi. Bir-iki dəfə mənə də möhkəm əsəbləşmişdi. Səhv eləmirəmsə mən Xalq Yazıçısı Məqsud İbrahimbəyovla vida mərasimində iştirak edəndə.
Heç kəsdən asılı olmağı sevmirdi. Hətta aşırı səviyyədə belə. Ötən sentyabrda təsadüfən küçədə qarşılaşanda “Zamanın sınağında” xətirələrimi ona vermişdim. Az sonra Akademiya bağında təşkil edilən kitab sərgisinə gəldi və xahiş etdi ki, kitaba atası Vaqif müəllimin adına avtoqraf yazım, əlavə etdi ki, əvvəlcə atası oxuyacaq kitabı. Amma sən demə bir neçə gün əvvəl hədiyyə etdiyim kitabın pulunu da imza mərasimində satıcıya verib. Doğrusu incidim və hətta öz incikliyimi Şahvələd bəylə də bölüşdüm. Amma başa düşdüm ki, onun öz prinsipləri var və o, “düzələn” deyil.
Haqlı olduğu məqamlar da var idi, olmadığı məqamlar da. Amma o, milli-mənəvi dəyərlərə münasibətdə son dərəcə tələbkar idi. Haqsızlığa, əyriliyə, oğruya, vətənpərvərlik adı altında millətin qursağından yağ çəkənlərə barışmaz idi. İşğaldan azad olunmuş ərazilərdə yeyintilərə qarşı, “islahat” adı altında natəmiz əməllərə qarşı araşdırmalarında təkzibolunmaz faktlar ortaya qoymuşdu, oğrudan-oğruya keçən korrupsiya pullarının izinə düşmüşdü. Həbsinin əsas səbəbi budur.
Sevinc dünən hakimə “nə səndən, nə də sənin böyüyündən heç nə xahiş etməyəcəyəm” dedi. Çoxlarına monstr kimi görünən rejimin xofun sındırdı, çoxlarının qorxuluğunu götürdü. Azərbaycan mətbuatında hər şeyi yeni abzasdan başlayan AbzasMedianın məramını ifadə etdi. Necə fəxr etməyəsən, necə qürur duymasan belə bir gənclə, belə bir iradə sahibi ilə?
Sevinc Vaqifqızının işi Xədicə İşmayılın işinin yeni bicimdə təkrarıdır. Biz bir dəfə baxdığımız filmə yenidən baxmaq məcburiyyətindəyik.
Son çıxışlarımda bir vaxtlar ermənilərə qarşı nümayiş etdirilən “Dəmir yumruğun” Azərbaycan xalqına qarşı yönələciyini demişdim. Artıq bir müddət idi “Dəmir yumruğ” qorxulu bir kabus kimi ölkənin başı üzərində dolanırdı. Amma o daimi olaraq havada qala bilməzdi. Yerə endi və ilk həmlədə AbzasMedianı, onun yönəticiləri Ülvi Həsnlini, Sevinc Vaqifqızını, Məhəmməd Kekalovu, LSE-nin dəvətli professoru Qubad İbadoğlunu və başqalarını vurdu. Bu son deyil, başlanğıcdır. Birinin ofisindən 40 min dollar, o birinin ofisindən 40 min evro “çıxdı”, bir az gözləyək görək 40 min ingilis funtu kimin ofisindən, ya evindən “çıxacaq”.
Azərbaycan hökuməti hansı xarici ölkə ilə qarşıdurmaya gedirsə öz vətəndaşını cəzalandırır. İranla qarşıdurma bir neçə yüz islamçının saxta ittihamla həbsi ilə nəticələndi. ABŞ və Qərblə qarşıdurma demokratik dəyərlərin daşıyıcılarına qarşı yönələcəyi gözlənilən idi. Qubad İbadoğlunun, Ülvi Həsənlinin, Sevinc Vaqifqızının son dərəcə gülməli olan saxta ittihamlarla həbsi bu prosesin başlanğıcıdır. Qarşıda daha səs-küylü həbslərin olacağı da istisna edilmir.
Biz Sevinc Vaqifqızı kimi öz peşəsinə və şəxsiyyətinə tələbkarlıqla yanaşan, hörmətlə yanaşan yeni nəslin təmsilçiləri ilə qüur duyuruq. Ölkənin milli və mənəvi yükü Sevinc kimi, Ülvi kimi gənclərin üzərindədir. Biz onların yanındayıq, onlarla fəxr edirik və onlara azadlıq tələb edirik.