“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə aeroportda saxlanılaraq Baş Polis İdarəsinə aparılıb. Onun evində axtarış aparılıb.
Vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb:
“Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona pasport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar. Hava limanından həmin idarəyə gəldim, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum hələ ki, bir nəticə yoxdur”.
+++
“Abzas Media”nın direktoru Ülvi Həsənli cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilir.
Bu barədə onun vəkili Z.Sadıqova bildirib. Müdafiə tərəfinin açıqlamasına görə, o ittihamı qəbul etmir.
Ülvi Həsənlinin döyüldüyü deyilir
“Abzas Media”nın direktoru Ülvi Həsənlinin saxlandıqdan sonra işgəncələrə məruz qaldığı bildirilir.
Bu barədə “Abzas Media” bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, axtarış prosesinə gələn Ü.Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib: “O, jurnalistlərə bildirib ki, saxlanılan zaman onun gözündən yumruqla vurublar. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qalıb. O bildirib ki, ona yumruq və təpik zərbələri endirilib”.
Vurğulanıb ki, Ü.Həsənlinin sözlərinə görə, polis idarəsində ona verilən suallar “Abzas Media”nın korrupsiya cinayətləri ilə bağlı apardığı araşdırmalarla əlaqəli olub: “…Ü.Həsənlinin saxlanılması, onun evində və ofisində axtarış aparılması qanunsuzdur. Bütün baş verənlər jurnalistin fəaliyyəti ilə bağlıdır…”.
Bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyi saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edir. Üstəlik, rəsmilərin tez-tez vurğulamasına görə, ölkədə heç bir jurnalist, media orqanı ifadə azadlığı və korrupsiya araşdırmalarına görə təzyiqə məruz qalmır.
Azadlıq radiosu