Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətini dayandırıb

Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətini dayandırıb. Bu barədə “Turan”a saytın rəhbəri Məhəmməd Ərsoy (Zamanov) məlumat verib.

Noyabrın 3-də sayt sahibinin Media Reyestrində qeydiyyatdan keçmək üçün qanunla müəyyən edilmiş 6 ay müddətində müraciət etmədiyi üçün Medianın İnkişafı Agentliyi saytın fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsi noyabrın 14-də keçirilən ilk iclasda iddianı təmin edib. Ersoyun sözlərinə görə, o, səhhətində yaranan problemlərə görə iclasın 10 gün təxirə salınmasını istəyib. “Lakin dünən mənim iştirakım olmadan məhkəmə prosesi keçirilib və bu qərar qəbul edilib” deyə o bildirib və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini qeyd edib.

Ərsoy qeyd edib ki, sayt fəaliyyətini davam etdirəcək. “Mən artıq demişəm ki, mən jurnalist deyiləm. Mən blogerəm və dia.az sayt deyil, bloqdur. Fəaliyyətimizi dayandırmayacağıq”, – deyə o bildirib.

Media hüququ sahəsi üzrə ekspert Ələsgər Məmmədli Turan-ın müxbiri ilə söhbətində bildirib ki, Media haqqında qanun bloqçuluq fəaliyyətini tənzimləmir.

Lakin məhkəmənin qərarı qanuni qüvvəyə minərsə, az domenində saytın fəaliyyəti dayandırıla bilər. Bu halda bloger Azərbaycandan kənarda domenlərdə qeydiyyatdan keçə bilər.

Digər ekspert Xalid Ağəliyev isə məhkəmənin qərarının tələsik olmasına diqqət çəkib. Belə ki, bəzi saytlar bir ilə yaxındır ki, Media Reestrinə daxil edilməsindən imtina ilə bağlı şikayətlər üzrə məhkəmə qərarlarına nail ola bilmir.

“Təəssüf doğuran haldır ki, məhkəmə praktikasında mediaya qarşı ən sərt tədbirlər 5-10 dəqiqə davam edən formal iclaslar vasitəsilə tətbiq olunur. Hansı KİV növü olursa olsun, onları belə asanlıqla bağlamaq olmaz. Bu, ifadə və media azadlığının açıq şəkildə pozulması deməkdir”, – ekspert bildirib.

dia.az media haqqında yeni qanuna əsasən fəaliyyəti dayandırılan ilk sayt oldu.

Bir müddət əvvəl Medianın İnkişafı Agentliyinin kommunikasiyalar şöbəsinin müdiri Səidə Səfiyeva “Turan”ın sorğusuna cavab olaraq bildirib ki, Agentlik media subyektlərinə qarşı bu strukturun nizamnaməsində nəzərdə tutulmuş tədbirlər görür.

Bunlar KİV haqqında qanunu kobud şəkildə pozan mediadır, deyə o bildirib və belə KİV-lərin sayının nə qədər olduğunu açıqlamayıb.

14 oktyabr 2022-ci il tarixindən Azərbaycan jurnalistlərinin və KİV-lərinin media reyestrində qeydiyyatı prosesi başlayıb.

Qeydiyyat 6 ay davam etdi və aprel ayında başa çatdı.

Ötən il Medianın İnkişafı Agentliyi bəyan etmişdi ki, qeydiyyat üçün müraciət etməyən media qurumlarının fəaliyyətinin qanuniliyinə məhkəmə tərəfindən baxılacaq.

Media haqqında yeni qanun 2021-ci il dekabrın 30-da qəbul edilib və dövlət başçısı tərəfindən 2022-ci il fevralın 8-də imzalandıqdan sonra qüvvəyə minib. —21B06-

Qanun müstəqil media ekspertləri, bir çox jurnalistlər və beynəlxalq təşkilatlar tərəfindən tənqid edilib və onlar sənədin mətbuat və söz azadlığını məhdudlaşdırmaq məqsədi daşıdığını qeyd ediblər.

Turan