İranda 45 ildən çox həbsə məhkum edilmiş fəala yeni cəza kəsilib

İranda “düşmən ölkə ilə əməkdaşlıq”da, “Allaha qarşı müharibə aparmaq”da təqsirli bilinərək 45 ildən çox həbsə məhkum edilmiş siyasi fəala daha bir həbs cəzası kəsilib. Hişmətullah Tabarzadi bu dəfə “sistemə qarşı propaqanda”, “daxili və xarici təhlükəsizliyi pozmaq cəhdi” ittihamları ilə 4 il 3 aylıq həbsə məhkum edilib.

Siyasi fəallara təzyiq dalğası

400 günə yaxındır həbsdə olan Tabarzadinin həbsdən göndərdiyi məktubu AzadlıqRadiosunun fars xidməti – Radio Fərda əldə edib. Məktubda deyilir ki, yeni hökm Tehrandakı İslam İnqilab Məhkəməsində qapalı iclasda, hakim İman Əfşari tərəfindən çıxarılıb.

Tabarzadi məktubunda saxlanma zamanı məruz qaldığı geniş təzyiqdən söz açır.

Siyasi fəal 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlar başlayandan az sonra saxlanılıb. Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra vəfat edib, bunun ardınca başlanan iğtişaşlar siyasi fəallara qarşı yeni təzyiq dalğası ilə sonuclanıb.

Jurnalist Tabarzadi həm də qadağan olunmuş İran Demokratik Cəbhəsinin başçısıdır. O yazır ki, məhkəməsindən öncəki gecə İsfahandakı həbsxanadan Tehranda sərt qorunan təcridxanaya – təkadamlıq kameraya köçürülüb.

Özünü müdafiə etməyib

Tabarzadi məhkəmədə özünü müdafiə etmədiyini deyir, çünki “qanuna və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, məhkəmə açıq, müstəqil və vəkilin iştirakı ilə keçirilməlidir”.

Qızı Tima Tabarzadinin Radio Fərda-ya dediyinə görə, atası daha öncə olduğu kimi, yeni ittihamların heç birini qəbul etməyib.

“Atamın vəkil seçmək variantı yoxdur. Ona məhkəmə tərəfindən vəkil təyin olunub və onunla əlaqəmiz yoxdur”, – deyən qız əlavə edib ki, atası məhkəməni tanımadığı üçün hökmdən şikayət də verməyəcək.

“Onun vəkili Məhəmməd Moqimi hazırda İrandan kənardadır və İranda olsaydı belə, ona işə çıxmağa icazə verməyəcəkdilər”, – Tima Tabarzadi vurğulayıb.

Azadlıq radiosu