Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ermənistanda sərhəd monitorinq missiyasının uzadılması təklifini təsdiqləyiblər. Onlar həmçinin Ermənistanla viza liberallaşdırılması üzrə danışıqları aktiv fazaya keçirmək qərarına gəliblər. Bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel (Josep Borrell) noyabrın 13-də Brüsseldə məlumat verib.
Xarici İşlər Şurasının iclasının gündəliyinə Ermənistan-Azərbaycan münasibətləri də daxil idi.
“Ermənistandakı missiyamızı gücləndirmək… sərhədin həssas yerlərinə daha çox patrul yerləşdirmək qərarına gəldik”, – Borrel görüşdən sonra deyib.
“Biz həmçinin Ermənistana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyi və Ermənistan üçün viza liberallaşdırılmasını nəzərdən keçirəcəyik”, – diplomat sözlərinə əlavə edib.
Avropa Sülh Fondu Brüsselə birlik üzvü olmayan ölkələrin müdafiə qabiliyyətini artırmaq, münaqişələrin qarşısını almaq, sülhü gücləndirmək imkanı verir. Ukrayna, Gürcüstan və Moldova Aİ-dən bu layihə çərçivəsində yardım alır.
Azadlıq radiosu