Kreml Liviyada Rusiyanın hərbi bazasının tikintisi üçün bu ölkənin rəhbərliyi ilə danışıqlar aparır.
Bloomberg yazır ki, Liviyada bazasının olması Rusiya hərbçilərinə Avropa İttifaqının bütün ölkələrini izləmək imkanı verəcək.
Məqalədə deyilir ki, danışıqlar uğurla nəticələnərsə, Rusiya bu bazada daimi əsasda hərbi gəmilərini saxlaya biləcək.
Ehtimal ki, söhbət Liviyanın Aralıq dənizi sahillərindəki Tobruk limanından gedir.
Bloomberg-in mənbələri bildirirlər ki, danışıqlar uğurla nəticələnərsə, Rusiya Liviyadakı bir neçə hərbi hava bazalarından istifadə edə biləcək.
Bunlar yaxın vaxtlaradək Rusiyanın Vaqner özəl hərbi şirkətinin ixtiyarında idi.
Putinlə görüşdən sonra
Agentlik diqqəti belə bir məqama çəkir ki, baza barədə danışıqlar Vladimir Putin 2023-cü ilin sentyabrında Moskvada Liviya ordusunun generalı Xəlifə Həftarla görüşdükdən sonra başlanıb.
Rusiya muzdluları Həftarın tərəfində döyüşürdülər və neft mədənlərinin mühafizəsi vəzifəsi də onların üzərinə düşürdü.
Bloomberg agentliyinin mənbələri iddia edirlər ki, Liviya ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsi müqabilində Həftar Putindən hava hücumundan müdafiə sistemləri və pilot və xüsusi təyinatlılara təlim verilməsində kömək istəyib.
ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsi Conatan Uaynerin sözlərinə görə Rusiyanın Aralıq dənizindən kənarda saxlanması əsas strateji vəzifədir:
“Əgər Rusiya orada dəniz limanları əldə etsə, bu, Moskvaya bütün Avropa İttifaqı ölkələrindən casusluq etmək imkanı verəcək”.
Türkiyə və başqa oyunçular
Liviya lideri Müəmmar Qəzzafi 2011-ci ildə devrildikdən sonra bu ölkədə vahid hakimiyyət yoxdur.
Beynəlxalq birlik tərəfindən tanınan Faiz Saracın hökuməti Tripolidə yerləşir. BMT və əksər ölkələr məhz bu hökuməti legitim sayırlar.
Liviya milli ordusunun dəstəklədiyi general Həftar hökuməti isə Tobrukda qərar tutub.
Bundan əvvəl Tripoli hökumətini Ankara himayə edirdi. Əslində əgər Türkiyənin dəstəyi olmasaydı, Tripoli hökuməti çökə bilərdi.
Liviya Milli Ordusuna Birləşmiş Ərəb Əmirliklərinin, Misirin, Rusiya və bir sıra başqa ölkələrin dəstək verdiyi bildirilir.
Putin 2020-ci ildə etiraf etmişdi ki, Liviya münaqişəsində Rusiya vətəndaşları da iştirak edə bilər.
O iddia etmişdi ki, belələri Rusiya dövlətindən məvacib almırlar və Rusiyanın maraqlarını təmsil etmirlər.
Azadlıq radiosu