Sübhan Həsənli
Bəlli olur ki, Hesablamalar Palatası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nin həyata keçirdiyi olimpia komplekslərinin tikintisi fəaliyyətinə müsbət audit rəyi verməkdən imtina edib və qeyd edib ki, fəaliyyətlər audit meyarlarına uyğun deyil. Təzə təyin edilən Nazirin ictimaiyyətlə əlaqələrini tərifləyənlər hardadır görəsən? 3-5 gənclə selfi çəkdirmək o demək deyil ki, fəaliyyət uğurludur. Əsas odur ki, sərəncamında olan dövlət büdcəsi necə idarə edilir. Bəs niyə hesablamalar palatası audit rəyi verməyib? Çünki biabırçı faktlar var.
Məsələn:
1) Dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilmişdir. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməmiş, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməmiş, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 mln. manat məbləğində vəsaitin istifadəsi təmin edilməmişdir.
2) “Goranboy rayonunda Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və işlərin qəbulu aktlarında iş həcmlərinin layihəyə nisbətən çox göstərilməsi nəticəsində 6 halda 135,2 min manat və 80 halda yerinə yetirilməyən işlərə və mövcud olmayan mebel avadanlıqlarına görə 379,6 min manat, 1 halda yerinə yetirilmiş iş həcmlərinə bazis- əmsal üsulu tətbiq edilməklə hesablanmış işin dəyəri üzrə yaranan kənarlaşmaya görə 457,
3) 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilmiş, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməmiş və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmiş, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməmiş, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməmiş, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilmiş, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməmiş, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməmiş, 1 halda isə gecikmə ilə yerləşdirilmişdir.
Hələ bunlar bir hissəsidir. Bu qədər qanunsuzluqlar olduğu yerdə nazirin fəaliyyəti necə qənaətbəxş ola bilər?