Rusiya prezidenti Vladimir Putin deyib ki, Qarabağda baş vermiş hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmür:
“Mənə belə gəlir ki, bu, tamamilə mümkündür. Qarabağda baş vermiş hadisələrdən sonra hazırda sülh müqaviləsinin bağlanmasına mane ola biləcək heç bir problem görmürəm. Sadəcə olaraq belə problem görmürəm”.
Rusiya prezidenti MDB-nin Bişkekdə keçirilən sammitinin mətbuat konfransında bunu da əlavə edib ki, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı texniki xarakterli bəzi məsələlər qalır:
“Amma bunlar texniki məsələlərdir. Yəni 100 metr bir tərəfə, bir kilometr o tərəfə. Bu, daha mühüm deyil. Hər iki tərəfin xoş məramı ilə bunu etmək və bundan əvvəl razılaşdığımız kimi ticari-iqtisadi bağların inkişafı və infrastruktur layihələrin acılımı üçün növbəti addımları atmaq olar”.
“Vəssəlam, bu mövzu bağlandı”
Vladimir Putin bu dəfə də Qarabağ danışıqlarının tarixinə qayıdıb və deyib ki, Bakı və Yerevan bir çox hallarda razılaşmaya yaxın olublar və hətta Qarabağda referendum barədə belə danışıblar:
“Razılaşdırılmışdı ki, referendum keçirilməlidir. Amma bir tərəf deyirdi ki, bu referendumun vaxtını deyə bilmir. Bu Azərbaycan idi. Çünki hazırkı vəziyyətdə, referendumun sabah, ya 20 ildən sonra keçirilməsindən asılı olmayaraq nəticə aydın idi. Məhz buna görə də bu məsələnin həllinin gələcək nəsillərə saxlanması qərara alınmışdı. Erməni tərəfi isə əksinə israr edirdi ki, referendumun tarixi bildirilsin və bu referendumda Qarabağın statusu müəyyən olunsun. Çünki onlar da bundan çıxış edirdilər ki, əhalinin bugünkü (ovaxtkı-red) tərkibi ilə referendum hətta 20 ildən sonra keçirilsə də nəticəsi aşkar idi”.
Putin vurğulayıb ki, “problemin kökü” bunda idi:
“Hamı bunun ətrafında vurnuxurdu, əsas məsələ statusun müəyyənləşməsi idi. Amma indi, yəni ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu bağladı və bəyan etdi: Qarabağ Azərbaycanın tərkib hissəsidir. Hətta 1991-ci il müqaviləsinə istinadla Sovet İttifaqında müttəfiq respublikalar arasında mövcud olmuş sərhədlər əsasında kvadrat kilometrlər də göstərildi. Vəssəlam. Bu mövzu bağlandı”.
Sülhməramlılar məsələsi ən yaxın müddətdə…
Vladimir Putin vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyandan sonra indi heç şübhəsiz Rusiya sülhməramlıları Azərbaycan ərazisində sayılırlar.
Putinin sözlərinə görə Rusiya sülhməramlı kontingenti rəsmən 2025-ci ilin noyabrınadək orda qalmalı idi, amma ermənilərin Qarabağdan kütləvi axını ilə bağlı bu məsələ ən yaxın müddətdə həllini tapmalıdır:
“…İndi açıq deyək, erməni əhalisinin çıxışı ilə bağlı ağır hadisələrdən sonra situasiya köklü şəkildə dəyişib. Amma rəsmən bizim sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalmalı idilər və biz əlbəttə, partnyorlarımızla dialoqda nəyi və necə edəcəyimizi ən yaxın vaxtda həll etməliyik. Biz bunu danışıqlar prosesində həll edəcəyik”.
Azadlıq radiosu