İndi 6 il olar ucqar Şərqi Qazaxıstan əyalətindəki Kalbatau və Maykapçağay şəhərləri arasında keyfiyyətsiz magistral yolu təmir edirlər. Layihəyə milyonlarla dollar ayrılsa da, 415 kilometrlik yolun yalnız yarısının təmiri bitib. Yolun qalan bölümü əvvəlki kimi bərbad haldadır.
Təmirin belə yavaş getməsi kütləvi saxtakarlıqla bağlı ola bilər. Aprel ayında prokurorluq bir özəl şirkətin bu yol layihəsinə ayrılan vəsaitin 44 milyon dollara yaxınını mənimsədiyini bildirib.
Aprelin 26-da Baş Prokurorluq “QazGerStroi” adlı şirkətin bu korrupsiya əməlinin arxasında dayana biləcəyini söyləyib. Layihənin əsas inşaatçısı “Xinxing Corporation” adlı Çin şirkətidir. “QazGerStroi” isə onun subpodratçısıdır.
Prokurorluq bildirir ki…
Prokurorluq bildirir ki, “QazGerStroi” Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıya məxsus qurumlara bağlıdır.
Bir zamanlar son dərəcə güclü və zəngin olan 53-yaşlı Satıbaldı ötən ilin sentyabrında fırıldaqçılıq və mənimsəmə maddələri ilə 6 illik həbs cəzasına məhkum edilib.
Prokurorluq mənimsəmədə kimlərin iştirak etdiyinin, yaxud oğurlanan vəsaitin hər hansı qisminin dövlətə qaytarılıb-qaytarılmayacağının detallarını açıqlamayıb.
AzadlıqRadiosunun üz tutduğu “QazAvtoJol” şirkəti “QazGerStroi”un ötən il layihədən uzaqlaşdırıldığını bildirib. “QazAvtoJol” Qazaxıstanda magistral yolların idarə edilməsinə cavabdeh dövlət şirkətidir.
Layihənin qalan hissəsini Çin şirkətinin tamamlayacağını deyən “QazAvtoJol” “QazGerStroi”u tikinti işlərini ciddi ölçüdə yavaşıdan səhlənkarlıqda ittiham edib.
AzadlıqRadiosu qazax xidmətinin araşdırması “QazGerStroi”un keçmiş rəhbərlərindən birinin hazırda “QazAvtoJol”da işlədiyini üzə çıxarıb.
Şirkətin qanuni sahibləri
Alman işadamı Robert Şumaxer və Qazaxıstanın keçmiş daxili işlər naziri Zautbek Turisbekovun oğlu Timur Turisbekov 2016-cı ilədək “QazGerStroi”un qanuni sahibləri olublar.
Şumaxer sonradan K.Satıbaldının keçmiş xanımı Qulmira Satıbaldı ilə keçmiş nazir Turisbekov ilə bağlı adamların onu şirkətdən çəkilməyə məcbur etdiyini söyləyib.
O zaman Turisbekov qazax mediasının suallarını “mən elə adam deyiləm” şəklində cavablamışdı.
Q.Satıbaldı hazırda mənimsəmə, bir neçə şirkətin səhmlərini qanunsuz ələ keçirmə, insan oğurluğu və cinayətə havadarlıq maddələri üzrə həbs cəzası çəkir.
Şumaxerin adı “QazGerStroi”un təsisçilər siyahısından çıxarılıb və şirkət K.Satıbaldı ilə bağlı şəxslərə ötürülüb.
Azadlıq radiosu