Afiəddin Məmmədov ev dustaqlığına buraxılmayıb

Oktyabrın 3-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəmə prosesi keçirilib. Bu barədə Amerikanın Səsinə Məmmədovun vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib:

“Biz dedik ki, Afiəddin ilk dəfədir cinayət əməlində ittiham olunur, daimi yaşayış ünvanı var və ümumiyyətlə, söyüş söyməyib. Afiəddin özü də bildirdi ki, başına nə gəlirsə ictimai fəaliyyətinə görə gəlir, çünki bundan əvvəl də 3 dəfə inzibati qaydada həbs olunub. Ümumiyyətlə, o bildirdi ki, belə bir cinayət hadisəsi baş verməyib, kiminsə bıçaqlanmasını görməyib”.

Zibeydə Sadıqova bildirib ki, zərərçəkmiş kimi tanınan şəxs özü Afiəddin Məmmədova xəsarət yetirib və nəticədə onun burnu zədələnib.

“Hətta məhkəmədə burnundakı şişkinliyi göstərdi, düzdür, gözünün altındakı qaralma çəkilib. Mənə dedi ki, ağrıkəsici dərman alım, çünki bəzən başağrıları olur. Məhkəmədə də bildirdi ki, zərərçəkəni tanımır, heç vaxt o adamla görüşməyib. Günahsızdır və əsassız olaraq həbsdədir, lakin məhkəmə bizim arqumentləri qiymətləndirmədi və vəsatətimizi təmin etmədi”, deyə vəkil deyib.

İşçi Masasının sədri bu ilin avqustun 31-i xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmama ittihamları ilə 30 günlük həbs cəzasından sonra azadlığa buraxılıb.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilova qarşı isə narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qəsdən bədənə ağır xəsarət yetirmə və silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham olunur. Rəsmi ittihama görə, Afiəddin Məmmədovun adı açıqlanmayan şəxsə bıçaqla xəsarət yetirdiyi bildirilir. Lakin Afiəddin Məmmədov özü bu ittihamları qəbul etmir və həbsinin siyasi motivli olduğunu deyir.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Amerikanın səsi