Rəşad Əliyev
Qərbin ən nüfuzlu tədqiqat mərkəzlərindən olan RAND Corp. 2019-cu ildə çox əhəmiyyətli bir hesabat hazırlamışdı. Bu hesabatı Rusiya ilə rəqabət mövzusunda Qərb hökumətlərinin strateji planının bir hissəsi hesab etmək olar.
Hesabatın adı çox maraqlıdır – “Extending Russia: Competing from Advantageous Ground.” (Rusca “Истощая Россию. Противоборство на лучших условиях” kimi tərcümə ediblər). Yaxşıdır, amma tam mənanı ehtiva etmir. Hesabatın məğzi və əsas tövsiyəsi nədir – Qərb Rusiya ilə birbaşa münaqişəyə girmədən, elə bir strategiya izləməlidir ki, Rusiya öz iqtisadi, hərbi və siyasi imkanlarını səpələsin, daha çox istiqamətdə problemlərə bulaşaraq öz resurslarını (o cümlədən beynəlxalq və regional nüfuzunu) zorlasın və yüklənsin və sonunda tükənsin.
Cənubi Qafqazla bağlı hissəsində çox vacib məqamlar var. 2020-ci ildən sonra regionumuzda baş verən hadisələrə, o cümlədən 2020-ci il Qarabağ müharibəsinə və ondan sonra başlayan Ukrayna müharibəsinə bu prizmadan baxanda bəzi nyuanslar tam aydın olur.
Hesabatda qeyd olunur ki, başqa regionlarda olduğu kimi, Cənubi Qafqazda da Rusiyanı “extend” etmək lazımdır. Bunun iki yolu var.
Birincisi Gürcüstanı və Azərbaycanı NATO-ya daha da yaxınlaşdırmaq. Amma bu optimal yol deyil, çünki bu halda Rusiya böyük ehtimal cavab olaraq Cənubi Osetiya, Abxaziya və Ermənistanda öz hərbi mövcudluğunu daha da artıracaq.
Alternativ variant Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və NATO-nun orbitinə salmaqdır. Lakin nəzərə alanda ki, onillərdir Ermənistanın Azərbaycana qarşı müdafiəsi Rusiya olub, deməli Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Ermənistan Rusiyadan aralanmayacaq. Ermənistanı Rusiyadan ayırmağın birinci şərti Dağlıq Qarabağ məsələsini həll etməkdir. Qarabağ məsələsini həll etmək üçün isə mütləq tərəflərdən birini küsdürmək lazım gələcək.
Xəzərin enerji resurslarına, Azərbaycanın coğrafi mövqeyinə və sairə olan marağı nəzərə alsaq (hesabatda da bu səbəblərə görə Azərbaycanla daha sıx siyasi münasibətlərin təmin edilməsinin vacibliyi vurğulanır), Qərbin Qarabağ münaqişəsində kimi küsdürəcəyi demək ki, hələ 2019-cu ildən məlum imiş. Bu hesabatı 2019-da oxuyan peşəkar mütəxəssislər yəqin ki yaxın 1-2 ildə müharibənin başlayacağını təxmin edirmiş. 2020-ci il müharibəsi dövründə və ondan sonra Qərbdən Azərbaycana qarşı heç bir ciddi təzyiqin filanın olmamasını da bu məqam izah etmiş olur. Böyük ehtimal bu dəfə də ciddi bir şey olası deyil – belə güman etmək olar ki, Azərbaycana bu mövzuda kartblanş verilib.
Hesabatın “Risklər” bölümündə o da vurğulanır ki, avtoritar idarəetmə sistemi olan Azərbaycan Qərblə yaxın münasibətlərə heç vaxt maraq göstərməyib. Onu bu mövqeyindən tərpətmək çətin olacaq.