Sentyabrın 2-si Nərimanov Rayon Məhkəməsi müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun ev dustaqlığına keçirilməsilə bağlı müdafiə vəsatətini təmin etməyib. Bu barədə onun qardaşı Qalib Bayramov bildirib.
O qeyd edib ki, məhkəmə İbadoğlunun ciddi sağlamlıq problemlərinə baxmayaraq, onu ev dustaqlığına buraxmaqdan imtina edib.
Bayramov qeyd edib ki, sentyabrın 1-də İbadoğlunu məhkəməyə aparıblar, lakin məlum olub ki, həmin gün proses olmayacaq.
“Geri qayıdarkən qardaşımın vəziyyəti pisləşib və təcridxananın tibb məntəqəsində ultrasəs müayinəsi və elektrokardioqramma aparmaq məcburiyyətində qalıblar. Qubadın ürəyindəki problemlər o qədər ciddidir ki, onları dəqiq izləmək üçün elektrokardioqramma bir tərəfə, heç exokardioqramma da yetərli deyil. Qardaşım mütləq kontrastlı maddə ilə döş qəfəsinin kompüter tomoqrafiyasından keçirilməlidir”, – o deyib.
İbadoğluda aorta damarının kökünün genişlənməsi 4,1 millimetri keçib, əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası qeydə alınıb.
“Bütün bunlara baxmayaraq müayinələrin nəticələri bu gün məhkəməyə təqdim olunmayıb. Yenə də ümumi sözlərlə yola veriblər. Görünür ki, qardaşımı fiziki cəhətdən məhv etmək istəyirlər”, – Bayramov deyib.
*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir. Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar siyasət.
Contact.az