Yevgeni Priqojin haqqında çoxsaylı müəmma var. Biri də onun təyyarəsinin qəzaya uğramasından bir gün öncə Afrikadan video yaymasıdır. O bu videoda özünün biznes imperiyasını genişləndirmək planlarından danışır.
DNT təhlillərinin cavabının çıxması və, deməli, Priqojinin ölümünün təsdiqi dörd gün çəkib. Di gəl, olayı izləyənlər yenə də nəticələri açıqlayan dövlət qurumlarının güvənli qaynaq olmamasını vurğulayırlar.
Nəticə etibarilə Priqojin ayrıca fəxri mərasimlə dəfn edilməyib. Onun üçün Rusiyanın ən ali medalına layiq görülən şəxslər üçün nəzərdə tutulmuş hərbi mərasim keçirilməyib. Adamların axın-axın gəldiyi, canlı translyasiya edilən dövlət tədbiri də olmayıb. Fəxri qarovulu, top atəşlərini və hərbi orkestri jurnalistləri uzaqlaşdıran polis əməkdaşları və Milli Qvardiya əsgərləri əvəzləmişdi.
Putin təyyarə qəzasından bir neçə gün sonra verdiyi, cüzi də olsa, nekroloqu xatırladan açıqlamasında Priqojin haqqında bəzi olumlu ifadələr işlədib. Ancaq o, 30 il boyunca tanıdığı adamın Rusiyada gündəlik həyatda hörmət əlaməti kimi işlədilən ata adını çəkməyib, soyadını dilə gətirməyi yetərli sayıb. Putin Priqojinin həyatda yanlışlara yol verdiyini də söyləməyi unutmayıb.
Azadlıq radiosu