Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Girincdirlər, bizi vuruşdurmağa çalışırlar, hər vəchlə, bütün üsullarla. Aramızda özlərinin ifşa etmədikləri agentlər, cırmadıqları maska qalmadı.
Nəsə əldə edə biliblərmi? Yox demək olmaz. Əgər hər hücumda xərclədikləri resursların müqabilində əldə etməyə çalışdıqlarının yüzdə birini əldə edə bilirlərsə bu onların uğurudur. Çünki əllərindəki dövlət resurslarıdır, xərc həddi, səhv etmək limitləri yoxdur. Yüz milyonları çölə tökərlər, yüz dəfə səhv edərlər hiss etməzlər, yüz birinci milyonda, yüz birinci səhvdə xırdaca nə isə əldə edərlər, bu onların qazancıdır.
Bizim isə bircə səhv belə lüksumuz yoxdur, hər səhvimiz fataldır – qiyməti dostlarımızın həyatı, azadlığıdır. İtirdiyimiz hər xırdaca nəsnə zərbədir, qayıtmaz itkidir.
40 ildir bu şərtlər altında vuruşa-vuruşa gəlirik. Səhvsiz ötüşmək mümkün deyil, etməsək belə quraşdırılacaq cəngəllikdə yaşayıırıq. Əbədi itirdiyimiz dostlar, həbsdə çürüdülmüş ömürlər arxadadır. Və bütün bunlara baxmayaraq:
1) Heydər və İlham Əliyevlər bütün bizdən qopardığı illər və ömürlərə, bütün xərc və səhv limitsizliyinə baxmayaraq itirə-itirə gəlirlər və çöküş həddinə çatıblar.
2) Biz nə qədər bu xalqın istəklərinin əksi, maraqlarının təmsilçiləriyiksə, nə qədər bu xalqla iç-içə olan qüvvəyiksə, buraxdığımız, yaxud tük kimi gözümüzdə tapılan səhvlərin sarsıdıcı zərbələrinə, sıramızdan gedən yerini doldurmaq mümkün olmayan itkilərimizə, bu rejimin dövlətin bütün resursları ilə üzərimizə təşkil etdiyi maliyyə-güc, media-trol hücumlarına baxmayaraq şərdən-şərə, hücumdan-hücuma güclənə-güclənə gəlirik, bu rejimi çöküş həddinə çatdırmışıq.
Mətləbdən uzaqlaşmayım. Yenə girincdirlər, yenə çalışırlar. Neçə illərdir ölkəni ayaqda saxlayan, müqaviməti təşkil edən qüvvələrə kor olub da gah ağ atın üstündə, gah ağ partinin altında, Əli Əliyevə qədər lider axtaranlar dostumuz, professor Qubad İbadoğlunun banditcəsinə həyata keçirilmiş həbsindən sonra yeni impuls alıblar. Müsahibələrdə provakativ şəkildə “əsas alternativdir, ona görə həbs edilib” deyə Qubad bəyi ad çəkmədən Əli Kərimli ilə üz-üzə qoymağa çalışırlar. Qubad İbadoğlu, əlbəttə ki, çox azsaylı alternativlərdən biridir. Amma provakasiyanın məqsədi başqadır – AXCP ilə ADRP-ni münaqişəyə cəlb etmək və nəticədə bu iki partiyanın gələcək əməkdaşlığına xələl gətirməklə bərabər, bu gün Qubad bəyin müdafiəsini maksimum zəiflətməkdir.
Əsas məqsəd isə İlham Əliyevin xüsusən son on ildə mübarizəsinin və nifrətinin bir nömrəli hədəfi Əli Kərimlini yıpratmaq çabalarıdır. Əliyev Milli Şuranı, Xalq Cəbhəsini məhv edəcəyini şəxsən özü bir neçə dəfə deyib, repressiya dalğaları, həbslər bir-birini əvəzləyib. AXCP sədrini tanımamaq təcrübədən keçirilib, alınmayıb və nəhayət, tələb olunan şərtlərlə Cəbhə siyahı verməyəcək ümidi ilə siyasi partiyalar haqqında yeni, aqressiv bir qanun qəbul etdirib.
AXCP isə qorxmadı, 5 min nəfərdən artıq siyahı da verdi, üstəlik üzvlərini Ədliyyə Nazirliyinin qarşısında parad marşı ilə təqdim etməyə hazır olduğunu da bildirdi. İndi İlham Əliyev qalıb dilemma qarşısında: bir tərəfdən AXCP-ni necə təsdiq etməsin, digər tərəfdən avtobusa mindirib oba-oba gəzdirdiklərini necə təsdiq etsin.
Bütün bunları nəzərə alaraq əminliklə demək mümkündür – yeni liderlər, alternativlər axtaranların içində bunu səmimi, öz inancı ilə edən heç kim yoxdur, hamısı İlham Əliyevin xidmətindədir, hamısı İlham Əliyevin sifarişini yerinə yetirir.
Eyni zamanda yenə əminliklə deyirəm:
1) Qubad İbadoğlu maksimum müdafiə olunacaq və azad ediləcək, onun həbsi əsassızdır, siyasi sifarişdir.
2) Əli Kərimli İlham Əliyevin bir nömrəli alternatividir və yaxın perspektivdə bu vəziyyəti dəyişəcək zəmin görmürəm.