Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Amma Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib – ADR sədri haqqında istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri qüvvədə saxlanıb.
Qapalı keçirilən məhkəmə iclasında Qubad İbadoğlu özü də iştirak edib. O, saxta pul dövriyyəsi ittihamının da, haqqındakı həbs qərarının da əsassız olduğunu deyib.
Vəkillər vurğulayıb ki, Qubad İbadoğlu dünyada tanınmış professordur, Böyük Britaniya universitetində dərs deyir. Vəkilləri bildirib ki, onun istintaqdan yayınmaq niyyəti yoxdur.
Buna baxmayaraq, Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.
Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcəklər.
ADR sədrinin qardaşı Qalib Bayramov isə onun həbs olunandan hələ də ailə üzvlərilə əlaqə saxlaya bilmədiyini deyir: “Vəkillər bununla əlaqədar rəsmi qaydada şikayət edəcək. Çünki həbsdə saxlanılan şəxsin ailə üzvlərilə telefonla danışmaq, görüşmək hüququ var. Qubad İbadoğlunun bu hüquqları pozulur”.
Azadlıq radiosu