Silva Kaputikyan məhkəməni nə üçün tərk etdi?
Şahid C.M.Quliyev, 1939-cu ildə doğulub. Mühakimə olunanlardan heç kimi tanımır. Şahid əlində meqafon olan adamı yadında saxlamayıb. Bu vaxt ona ilkin istintaqda verdiyi ifadəsi oxunur. Burada göstərilir ki, o, əlində meqafon olan gənci 41-ci məhəllədə görüb. O, ətrafına yığılan insanlara nəyisə izah edirdi. Izahatı oxunandan sonra Quliyev deyir:
– Mən izahatı oxumadan, müstəntiqə inanıb qol çəkmişəm.
Müstəntiq onların hamısını aldadıbmış.
Quliyev Sumqayıtda kömək üçün hərbi maşınlara sarı qaçdıqlarını, əsgərlərdən kömək istədiklərini deyir. Ancaq əsgərlər onlara əmr verilmədiyini deyib köməyə gəlmədilər.
Erməni tərəfin vəkili Ruştuninin “həqiqətənmi talançıların əlində uzunluğu 70 santimetr olan armatur kəsikləri vardı?” sualına Quliyev aydınlıq gətirmir: “Şəhərdə milis yox idi, görmədim. Telefonlar kəsilmişdi. Talançıların əlində rezin zopalar, başlarında əsgər dəbilqələri vardı. Onlar bunu əsgərlərdən zorla almışdılar”.
Məhkəmə sədri şahidin ifadə verməsini dayandırır. Zalda səs-küy qopur. Şahid dayanmaq bilmir: “Bu talanlara əvvəlcədən hazırlıq görülmüşdü… Buna çoxdan hazırlaşmışdılar…”
Zaldakı erməni çoxluq Quliyevə bu sözlərinə görə “Molodes” deyirlər. Bundan fərəhlənən şahid Quliyev bildirir: “Meqafon gəzdirən adamlar erməniləri öldürməyə, doğramağa, yandırmağa çağırırdılar”.
Vəkil Ruştuni şahiddən soruşur:
– Siz dediniz ki, bu talanlara ciddi hazırlıq görülmüşdü… Bu informasiyanı hardan almışdınız?
– Bilirsiniz, beş nəfər bir yerə yığışıb, bir iş görmək istəyir, hüquq-mühafizə orqanları bundan xəbər tuturlar. Həmin günlər Sumqayıtda beş nəfər şuluqluq salmırdı, talançılıq etmirdi, belə adamların sayı minlərləydi.
Ruştuni daha bir sual verir:
– Siz deyirsiniz ki, fevralın 27-29-dək şəhərdə milis heç bir iş görmürdü. Talançılar istədiklərini edirdilər. Bununla bağlı faktlarınız varmı?
Sədr şahidə cavab verməyə imkan yaratmır. Sədrlik edən deyir:
– Bu sualın məhkəmə prosesinə dəxli yoxdur. Sumqayıt milisi haqqında cinayət işi açılıb.
Zalda səs-küy qopur. Şahid heç nəyə baxmadan cavab verir:
– Mənim hardan faktlarım olmalıdır? Bircə onu deyə bilərəm, şəhərdə milis görmədim.
Hakim fasilə elan edir.
Fasilədən sonra zala ifadə vermək üçün 1961-ci ildə anadan olmuş, başqa cinayətlərə görə həbsxanada yatan Ildırım Əliyev dəvət edilir. Vəkil Ruştuni prosesin qapalı keçirilməsi haqqında vəsatət qaldırır. Çünki şahidin ifadəsində intim məqamlar var. Prokuror məhkəmə iclasının açıq keçirilməsini təklif edir. Vəkillər Ə.Abdullayev, Yaşin də prosesin açıq keçirilməsi təklifini verirlər.
Hakimlər yerindəcə müşavirə keçirərək I.Əliyevin qapalı iclasda ifadə verməsi haqqında qərar çıxarırlar.
Şahid yalnız Əhmədovu tanıdığını söyləyir. Nə vaxtsa bir yerdə işlədiklərini deyir. Şahid Əliyev deyir:
– Öz maşınımda evə gedirdim. Bilmirəm, nə oldu, maşın qızdırdı. Su dalınca getdim. Geri dönəndə maşının yanına xeyli adam toplaşmışdı. Ortada bir çılpaq qız vardı. Onların bir neçəsi mənim maşınıma oturdu. Mənim yaşadığım məhəlləyə gəldik. Onları burada düşürüb, qızı evimizə apardım, paltar geyindi. Sonra onu qohumlarıgilə apardım. 41-ci məhəllədə nə olduğunu bilmirəm.
Prokuror Əliyevin ilkin istintaqa verdiyi ifadəsini oxuyur: “…41-ci məhəllədə mən həyətdə qalanmış tonqalı gördüm. Bir dəstə gənc çılpaq qızı əhatəyə almışdı. Əllərində bıçaq və balta vardı. Mən burada Əhmədovu gördüm. Onunla alüminium zavodunda işləmişdim. Onun əlində meqafon vardı, Əhmədov erməniləri öldürməyə, yandırmağa çağırırdı. Kütlə Əhmədovu eşidirdi. Onun dediklərinə əməl edirdi…”
Şahid belə ifadə vermədiyini deyir. Prokuror ona imzasını göstərir, şahid ifadəsini oxumadan qol çəkdiyini deyir:
– Məni döyürdülər, rus dilini bilmirəm, tərcüməçi tələb edirdim, heç kim məni eşitmirdi.
Bu vaxt Əliyevə başqa bir sənəd göstərirlər. Burada yazılıb: “Mən rus dilini bilirəm, tərcüməçiyə ehtiyacım yoxdur”.
O isə deyir:
– Bu düzgün deyil. Mən rus dilini bilmirəm. Mənə belə yazmağı diktə etdilər, mən də yazdım…
Prokuror bir daha Əliyevdən soruşur:
– 41-ci məhəllədə nə gördünüz?
– 41-ci məhəllədə iki kişi, bir də köhnə pal-paltar gördüm.
Prokuror Əliyevi yalan ifadə verməkdə ittiham edir.
***
Bakı, 2010-cu il, vəkil Ə.Abdullayevin dediklərindən:
– Bir dəfə zərərçəkənlərdən birinin həyat yoldaşı ilə Əhmədov arasında söz toqquşması oldu. Həmin erməni dedi ki, mənim ərimi sən öldürməmisənsə, onda bilirsən kim öldürüb. O, cavab verdi ki, mən haradan bilirəm. O zaman qadının oğlu ilə onun arasında mübahisə yarandı. Əhmədov heç nədən çəkinmirdi, suallara sərbəst cavab verirdi. Tanınmış ermənilər və prosesə yeni gələnlər iclas başlayanda bir-birindən Əhmədovun kim olduğunu soruşurdular. Çünki onlara xəbər çatmışdı ki, müttəhimlərdən biri özünü uşaq kimi aparmır, tam şüurlu, milli hisslərlə Qarabağın Azərbaycana məxsus olduğunu tez-tez vurğulayır. Ermənilər daim prosesi yarıda qoyub gedib SSRI Ali Sovetinin qarşısında mitinq edirdilər. Məsələn, bir dəfə Silva Kaputikyan ayağa qalxıb hakim Brizeyə dedi ki, siz rüşvət aldığınız üçün işə ədalətli baxmırsınız. Bundan sonra zalı tərk etdi və onunla birgə ermənilər iclasdan getdilər.
Hakim saat 13:53-dən 15:00-dək fasilə elan edir.
Təhməzov məhkəməyə gəlsin, gəlməsin?
Fasilədən sonra vəkil Ruştuni vəsatətlə çıxış edir. O, iki şahidin ifadə verməsi üçün məhkəməyə gətirilməsi məsələsini qaldırır. Sumqayıt Evlər Idarəsinin rəisi Təhməzovun 41-ci məhəllədə talançılıq edənlərlə əlaqəsi olub-olmadığını aydınlaşdırmağın vacib olduğunu bildirir. Vəkil izah edir ki, talanlardan bir gün əvvəl Təhməzov Qukasyanın və Melkumyanın evinə gələrək, onlara təhlükəsizlikləri üçün evdən çıxmalarını münasib bilib. Ancaq Melkumyanın ailəsi evdən çıxmamış, Qukasyan ailəsini götürüb evindən qaçmışdır.
Prokuror Təhməzovun məhkəməyə çağırılmasına tərəfdar olduğunu söyləyir. Amma Qukasyanın dəvət edilməsini məqsədəuyğun saymır. Vəkillər Sadıxova və Abdullayev Təhməzovun şahid kimi məhkəməyə dəvət olunmasını məqsədəuyğun saymırlar. Məhkəmə yerindəcə müşavirə keçirir və Təhməzovun məhkəməyə çağırılmasını məqsədəuyğun hesab edir.
Şahid M.Atlıxanovun dediklərindən:
– Mən müttəhimlərdən Əhmədovu və Ismayılovu tanıyıram. Əhmədovla bir yerdə işləmişəm, Ismayılovla qonşuyam. Biz Əhmədovla işdən evə qayıdarkən avtovağzal yolunda öldürülmüş qız meyiti və başı yarılmış bir kişi gördük. Mən Əhmədə evə getməsi üçün yalvardım. Amma o razı olmadı. Bundan sonra Əhməd orada qaldı, mən evə getdim. Yolda yanan avtobus gördüm. Hamı baxırdı, heç kim yaxın durmurdu. Şəhərdə tanklar vardı, onlar da qarışmırdılar.
Atlıxanov da ilkin istintaqa verdiyi ifadədən imtina edir.
Şahid Valeri Kozubenko:
– Müttəhimlərdən heç birini tanımıram. Bizim mənzilə girən talançılardan biri məni vurmaq istədi. Yanındakı azərbaycanlı qoymadı. “Biz ruslara toxunmuruq” dedi. Bu talançıların hamısı qara geyinmişdi, gənc idilər, əllərində uzun bıçaq, armatur kəsikləri və balta vardı. Fevralın 28-də telefonumuz işləmirdi.
18 yaşlı şahid Ə.Vəliyevin dediklərindən:
– Mühakimə edilənlərdən Əhmədovu və Cəfərovu tanıyıram. Cəfərovla bir məktəbdə oxumuşam, Əhmədovu 41-ci məhəllədə görmüşəm.
Vəliyev ilkin istintaqa verdiyi ifadəsini yalan adlandırır. O, kütlənin necə gəldiyini, bunların içərisində Əhmədovun və Cəfərovun da olduğunu görüb: “Bildiyim bunlardır. Vəssalam”.
Hakim Vəliyevin ilkin istintaqa verdiyi ifadəsini oxuyur. Hakim üzləşmə prosesində Vəliyevin ittiham olunanların üzünə durduğunu deyir. Vəliyev və Cəfərov məhkəmədə ifadələrindən və üzləşmə protokoluna yazılanlardan imtina edirlər.
Hakim Vəliyev və Cəfərovdan soruşur:
– Bəs niyə ilkin istintaqa yalan ifadə vermisiniz?
Vəliyev “bilmirəm” deyir.
Hakim sualını təkrar edir. Yenə də Vəliyevdən eyni cavabı eşidir. Axırda şahid Vəliyev deyir:
– Mən bütün bunları azadlığa çıxmaq üçün uydurmuşdum.
Vəliyev tez-tez anasının erməni olduğunu zaldakıların diqqətinə çatdırır. Və hər dəfə zaldan müxtəlif etiraz səsləri eşidir. Kimsə yenə dillənir: “O, erməni deyil, küçə fahişəsidir!”
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala