Ukrayna Rusiyanı Dnepr çayı üzərindəki böyük bəndi partlatmaqda ittiham edib. Subasma təhlükəsinə görə onminlərlə sakinin evakuasiyası elan edilib.
Ukraynanın Xerson vilayətində Kaxovskaya Su Elektrik Stansiyasının bəndi dağıdıldığından, tonlarla su Dnepr çayına tökülüb.
“Rusiya terrorçuları”, – Prezident Volodimir Zelenski Twitter-də yazıb. O, dağılmış bənd və suyun böyük yarıqdan sürətlə axdığı görünən videonu yerləşdirib.
“[Nova] Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması bütün dünyaya onu göstərir ki, onlar Ukrayna torpaqlarının hər yerindən qovulmalıdırlar. Onların əlində bircə metr belə qalmamalıdır, çünki onlar hər metrdən terror üçün istifadə edirlər. Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməyəcəklər”, – deyə Zelenski yazıb və bütün xidmətlərin işlədiyini əlavə edib.
Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin çərşənbə axşamı səhər Kaxovskaya SES-də bəndin partladılmasını təsdiqləyib və suyun 5 saatdan sonra kritik həddə çatacağını bildirib. O, subasma təhlükəsi olan ərazilərdən evakuasiya elan edib.
Azadlıq radiosu