Son günlər hökumətə yaxın media orqanlarında Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən tez-tez söz açılır və, bir qayda olaraq, kəskin tənqidlər səsləndirilir. Özəlliklə xarici şirkətlər tənqidin başlıca hədəfidir. Hətta hökumət rəsmiləri də tənqidləri dilə gətirib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mediaya açıqlamasında taksi şirkətlərini yarıtmaz xidmətdə, sağlam rəqabətdən yayınmaqda, eləcə də sürücülərin istismar edilməsində suçlayıb. Bu baxımdan, nazir taksi bazarında yeni düzənləmələri vacib sayıb. Bir müddət öncə adıçəkilən nazirlikdə (RİNN) taksi şirkətlərinin təmsilçiləri ilə görüşdə qeyd edilmişdi ki, onların çoxunun bilgi bazası xarici ölkələrdə yerləşir və bu, “Fərdi məlumatlar haqqında” Qanuna ziddir.
İstər nazir Rəşad Nəbiyevin, başqa rəsmilərin açıqlamalarında, istərsə mediada yayılan xəbərlərdə taksi bazarındakı durumun səbəbkarları kimi, əsasən, üç şirkətin – “Uber”, “Bolt” və “Yango”nun adı çəkilir. Ancaq maraqlıdır ki, bugünlərdə Azərbaycan bazarına daha bir taksi şirkəti də daxil olub. Söhbət Ukraynanın “Uklon” şirkətindən gedir. Bu şirkət Azərbaycan bazarına “Paşa Holdinq”in törəməsi “Umico” ilə əməkdaşlıq çərçivəsində girib. Digər taksi şirkətlərinin iş prinsipi bu şirkətdən heç də fərqlənmir, di gəl, nədənsə bu şirkət tənqidlərin hədəfindən uzaqda qalır. “Uklon Azərbaycan” MMC bu il 100 min ABŞ dolları nizamnamə kapitalı ilə qurulub. Şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Azadlıq radiosu