İşğaldan azad olunmuş ərazilərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı separatçı qurumun rəhbərlərinə hansı hallarda güzəşt oluna biləcəyi ilə bağlı fikirlər səsləndirib.
Dövlət başçısı bölgədə (Qarabağ-red.) istənilən əməliyyatı keçirmək imkanının mümkün olduğunu deyib və əlavə edib ki, ona görə “parlament” buraxılmalı, özünü “prezident” adlandıran şəxs təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini kənara qoymalıdırlar.
“Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, -İlham Əliyev bildirib.
Azərtac-ın məlumatına görə, İlham Əliyev bu fikirləri mayın 28-də Laçında rayon sakinlərilə görüşdə deyib.
İlham Əliyev Qarabağda yaşayan erməni əhalinin danışıqlara dəvət olunmasından da danışıb. O, iki dəfə belə dəvətin olduğunu, amma hər iki dəvətdən imtina olunduğunu deyib.
“Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq.”- Əliyev vurğulayıb
Azadlıq radiosu