Rusiya Baxmutdan şimalda geri çəkildiyini etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərinin şimalından geri çəkildiyini etiraf edib.

Bu şəhər uğrunda Rusiya qüvvələri ilə onu müdafiə edən Ukrayna ordusu arasında döyüşlər ötən yayda başlanıb.

Mayın 12-də keçirilən brifinqdə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib ki, Rusiya ordusu “daha əlverişli şəraiti” nəzərə alaraq Berxovsk su anbarının yaxınlığında “yeni mövqelərə keçib”.

Ukrayna tərəfi bildirir ki, bu, faktiki olaraq rusiyalıların Boqdanovka rayonunda geri çəkilməsi deməkdir.

Bundan əvvəl bu barədə məlumatı Rusiyanın Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin, Rusiyanın hərbi blogerləri və Ukrayna ordusu vermişdi.

Rusiya qoşunlarının çəkilməsi Ukrayna ordusuna Çasov Yara gedən yolu nəzarətə götürmək imkanı verib.

Bu, Baxmutdakı Ukrayna qüvvələrinin təchizatı üçün yeganə yoldur.

Priqojin habelə demişdi ki, yaranmış vəziyyət onun muzdlu qüvvələrinin Baxmutda mühasirəyə düşməsinə səbəb ola bilər.

Mayın 12-də keçirilən brifinqdə Konaşenkov habelə deyib ki, Ukrayna ordusu Donbasdakı Soledar şəhəri istiqamətində, 95 kilometrlik cəbhə xətti boyunca hücuma keçib.

Konaşenkov bildirib ki, Ukrayna ordusunun hücumunda mindən çox əsgər və 40-a qədər tank iştirak edir.

Daha əvvəl Rusiya mənbələri Ukraynanın tammiqyaslı əks-hücuma keçdiyini bildirmişdilər. Ukrayna tərəfi bu xəbərləri şərh etməmişdi.

Mayın 12-də Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin hərəkətini dayandırıblar və bəzi istiqamətlərdə rusiyalıları geri oturdublar.

Azadlıq radiosu