Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosunun suallarını cavablandırıb.
O, həbsi ilə bağlı verilən suala belə cavab verib:
-Həbsinizin səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndi. Versiyalardan biri odur ki, bu həbs ABŞ-ın sanksiya siyahısını açıqladığı vaxta təsadüf edib. Həmin siyahıya ilk dəfə olaraq, Azərbaycandan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi daxil edilib. Həbsinizi sırf bu məsələ ilə əlaqələndirisiz, yoxsa?
-Mən polis orqanlarının fəaliyyətini tənqid etmişəm və nəticədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisinə Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən sanksiyanın tədbiq edilməsi həbsimə səbəb olub.
Hacıyev şəxsi profilindən yayıldığı deyilən yazışmalardan sonra bəzi qadınların cəmiyyətdə, ailədə problem yaşadığı haqda məlumatlar yayılmasına da münasibət bildirib.
O “bu qadınlara mesajınız nədir” sualına cavab olaraq isə bunları deyib:
“Kibercinayətkarlıq yolu ilə əldə olunmuş məlumatlar müzakirə səbəbi olmamalıdır. Həmin məsələyə azadlığa çıxandan sonra aydınlıq gətirəcəyəm.”
Bəxtiyar Hacıyevin bu fikirlərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu