Natiq Güləhmədoğlu
Həftələrdir çox sayda dindarların həbsi aparılır. Qarışıq bir vəziyyətdir. Kiçik istisnanı nəzərə almasaq, hökumət mediası onların hamısını “vətən xaini” kimi təqdim edir. Müdafiəçiləri isə əqidələrinə görə şərləndiyini.
Qarışıqlıq ondadır ki, Azərbaycan dövləti vətəndaşın gözündə etimadını itirib, günahsız insanları illərdir şərləyərək həbxsanaya dolduran prokurorluğun, polisin, məhkəmənin qərarlarına, hökmünə inanmaq olmur.
Həbs olunan insanların da kimlikləri bəlli olmadığından onların müdafiəsi də müşküldür. Burda isə dövləti yox, vətəndaşlarımızı qınamaq lazımdır. Bir çox insan uzun illərdir ki, özünü siyasətdən kənar tutmaqla (“mən siyasətə qarışmıram”-təqdisi), sanki uzun və təhlükəsiz yaşamağım iksirini tapdığına özünü inandırmışdı. Bu azmış kimi, belələri (həbs edilənlərin hamısını nəzərdə tutmuram, amma aralarında belələri təəssüf ki var) mübarizə aparan adamlara üstüörtülü, üstüaçıq formada töhmət yağdırırdılar, onları etibardan salırdılar. Fəal müxalif qüvvələrə qoşulan, onlarla əməkdaşlıq edən dindar yoldaşlarını yamanlayır, onları az qala təkfir edirdilər. Nəticə ortadadır.
Təkrarlamalıyam. Azərbaycanın dövlət, cəmiyyət olaraq nicatı kütləvi formada siyasiləşmək, siyasətlə maraqlanmaq, təşkilatlanmaqdır. Normal, sivil, demokratik əsaslarda siyasiləşmək mübarizə aparmaq və şər rejimin sonuna nail olmaq. Siyasiləşmədən, siyasi təşkilatlanma və ardıcıl mübarizə aparmadan ən bəlağətli möizələr, konfranslar, parlaq fərdi nümunələr bataqlıq içində olan cəmiyyəti xilas edə bilməz. Bilməyib, bilməyəcək də. Qədim tarixdən bu günümüzə qədər yoxdur belə bir nümunə!
Azərbaycanda vətən xainləri də, agentlər də əlbəttə var. Onların arasında yüksək dövlət postu tutanlar da var, adi çoban da. Buna şübhə etmirəm. Lakin, bizi bu sual düşündürməlidir: bu qədər (bu “qədər deyərkən” faktı təsdiq etmirəm, hökumət mediasının səsləndirdiyi rəqəmlərə görə ritorik sual qoyuram) “vətən xaini”, “agent” necə yetişib, o münbit şəraiti kim yaradıb?
Dissidenti Soljenitsin yazırdı ki, türmədə o qədər “xarici dövlətə işləyən” dustaq vardı, adama belə gəlirdi ki, nəhəng Sovet sənayedən, kolxoz-sovxozundan daha çox xaricdən zəhmətkeşlər maaş alırmış.
Hətta ən qatı cinayətkarların həbsi qanun çərçivəsində, ədalətli şəkildə aparılmalıdır. Cəmiyyət aydın məlumatlandırılmalıdır. Heç kimin dılğır bir facebook hesabı, saytı vasitəsilə düşmən elan edilib, məhkəməsiz ittiham altında qoyulmasına yol vermək olmaz.