Dövlət Təhlükəsizliyi Xidməti Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahl hücumun terror aktı olduğunu bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, martın 28-də Bakı vaxtı ilə saat 21:51-də Azərbaycan Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
“Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, məlumatda qeyd edilir.-
***
Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evin qarşısında silahlı hücuma məruz qalıb.
Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir.
“Cinayəti törətmiş şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri görülür. Cinayətin mötivi, kimin tərəfindən törədilməsi hələ məlum ddeyil. Hazılrda araşdırma aparılır. Əlavə məlumat veriləcək”, o qeyd edib.

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaydığı məlumata əsasən, Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Deputatın həyatı üçün təhlükənin olmadığı, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
“TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”, məlumatda deyilir.
Amerikanın səsi