Azərbaycan XİN-dən Mirzoyanın fikirlərinə münasibət
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Rusiyadan olan həmkarı Sergey Lavrovla mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nazirliyin saytında yayılan açıqlamasında o vurğulayıb ki, 2020-ci il üçtərəfli bəyanatın müddəalarını məhz Ermənistan tərəfi pozur. Onun fikrincə, həmin müddəalara zidd olaraq, “öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistandır”: “…Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya “etnik təmizləmə” və “soyqırımı” törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil”.
Bu fikirlərə Ermənistan tərəfinin münasibəti, hələlik, bəlli deyil. Amma Ermənistan rəsmiləri bundan əvvəl Qarabağdan silahlı qüvvələrini tam çıxarmamaları ilə bağlı deyilənləri qəbul etməyiblər. Onlar Qarabağdakı “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxili olmadığını vurğulayırlar.
Azadlıq radiosu