“Novruz bayramını qeyd etmək üçün əvvəllər də Azərbaycana gəlirdik. Fərq isə odur ki, əvvəl bayramı həm İranda xoşhal qeyd edərdik, həm Azərbaycanda. İndi isə orada tonqal qalayanda da qorxuruq ki, qəzəblənib alovda bizi yandırarlar”, – bu sözləri AzadlıqRadiosu-na 20 ildən çoxdur İranda yaşayan azərbaycanlı Mənzər Abbasova deyir.
Köhnə bayramlar getdi, əvəzinə isə…
Martın 20-si və 21-də Novruz bayramı təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də xüsusi təntənə ilə keçirilməkdədir. İranda isə vəziyyət bu il bir qədər fərqlidir. Hələ bayrama bir həftə qalmış küçələri yeni etiraz dalğası bürüyüb. Ötən ilin sentyabrından İrandakı etirazlarda teokratik rejimə son qoyulması, azadlıqlar tələb olunub. Azı 500 nəfər öldürülüb, minlərlə saxlanan olub.
Bayramı sakit keçirə bilmək üçün Bakıya üz tutan Abbasova danışır ki, Novruz bayramı əvvəllər İranda daha maraqlı olardı, amma indi buna icazə verilmir.
“Kiminsə evində yas düşübsə, gedib qonum-qonşu ziyarət edərdik mütləq. O adam da bayram süfrəsi açmaz, stola xurma və su qoyardı. Son zamanlar bu etirazlarda neçə qız-gəlin itirdik. Qaynımın baldızı qızı, onun qrup yoldaşı öldü. Üzümüz də gəlmir evlərini ziyarətə. Bilirsən niyə? Çünki qızlarımızı qoymurduq həmən vaxt etiraza, deyirdik, “dövlət edirsə, bir bildiyi var”. Sonra bildim səhvdir. İndi bacım qızı da yaylığını açıb tonqala atır, etiraz edir, amma yenə o ölənlərin evinə gedə bilmirəm utandığıma görə”, – deyən Abbasova 2000-ci illərin əvvəlində gəlin köçdüyü İranda Novruz adət-ənənələrini də yada salır.
“Hələ fevralın axırında mərcini bir qaba yığardıq ki, səməni cücərsin. Düzdür, rəhmətlik ərim buğdadan da səməni qoyardı, amma tehranlıların əksəri mərci ilə düzəldərdi. İlaxır çərşənbədə üç-dörd azərbaycanlı qadın xeylağı yığışardıq bir yerə, şirniyyat bişirərdik. İranda məhsul ucuz idi deyə, bişirib Bakıya anama da göndərərdim o vaxtlar. Amma biz bakılılar kimi paxlava, qoğal yox, şirin çörək bişirərdik. 13 gün bayram ab-havası olardı. Alma, səməni, iydə, sumaq, sarımsaq, sirkə, “Qurani Kərim” kitabı, güzgü, şam, kasalarda süd və su, boyanmış yumurtalar, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə kimi nemətlər süfrəmizdən əskik olmazdı”, – qadın gözündən gələn yaşı başındakı şalının ucu ilə silir.
Abbasova hazırda ölkəsində bayramı keçirənlərin azaldığını vurğulayır. Bunun səbəbləri sırasında isə koronavirus pandemiyasının insanları yoxsullaşdırmasını, karantin qaydalarının adamları bir-birindən uzaq salmasını sadalayır.
Azadlıq radiosu