Rusiyada aprelin 1-dən müqaviləli hərbçilərin orduya yeni çağırışı keçiriləcək.
Müdafiə Nazirliyi bu məqsədlə regionlara çağırışçıların sayını göstərən təlimatlar göndərib.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə məlumat verən bir neçə Rusiya mediası ümumilikdə toplanmalı olacaq heyətin sayının 400 min nəfər olacağını bildirir.
Bu da qeyd olunur ki, yeni çağırış üzrə əsas iş regional hərbi komissarlıqların üzərinə düşəcək, amma kampaniyanın yerinə yetirilməsi üçün məsuliyyəti qubernatorlar daşıyacaq.
Müdafiə Nazirliyinin planlarına görə, məsələn Çelyabinsk və Sverdlovsk vilayətlərindən peşəkar hərbi xidmətə 10 min, Perm vilayətindən isə 9 min nəfər cəlb olunmalıdır.
Bu da xəbər verilir ki, martın 14-dən Voronej vilayətində adamlara hərbi komissarlıqlardan çağırış vərəqələri göndərilib.
Ötən ilin sentyabrında Vladimir Putin “qismən” səfərbərlik elan edəndə də bu sxemdən istifadə olunmuşdu.
Region hakimiyyətləri bu tədbirin guya “sırf hərbi qeydiyyatın qaydaya salınması” məqsədilə keçirildiyini bildirirlər.
Contact.az