Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Azərbaycan hakimiyyəti özünü, Azərbaycan xalqını və ən acınacaqlısı, Qarabağın perspektivini üç ciddi yanlışı (ən yumşaq dəyərləndirmədir) ilə çətin duruma salıb. Bunlar aşağıdakılardır:
- Bədnam və antikonstitusion 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı.
- 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası ilə strateji müttəfiqlik sənədi.
- 13 sentyabr 2022-ci ildə Azərbaycan-Ermənistan sərhəddində baş verən qanlı insident.
Bunlar ən əsas strateji səhvlərdir, istəsək bu siyahını çox uzatmaq olar, məsələn, Laçın yolundakı aksiyanın uğursuz təşkili və təqdimatı, Avropa Birliyinin mülki müşahidə missiyasının Azərbaycana buraxılmaması, beynəlxalq qurumlarda Ukrayna ilə bağlı taleyüklü qərarların qəbulu zamanı Azərbaycan nümayəndə heyəti üzvlərinin kütləvi şəkildə “xəstələnməsi” və s.
Bu statusu yazmaqda məqsədim, əsla və əsla, biz bütün bu yanlışları deyəndə bizi Vətən xaini çıxaran Vətən yox, kreslo sevdalısı, burnundan uzağı görməyən hakimiyyətdən öc almaq deyil, Qarabağla bağlı çox ciddi narahatlığımı bölüşməkdir, bəlkə faydası oldu.
Qarabağ münaqişəsini ermənilər dünyaya heç vaxt Azərbaycan və Ermənistan arasında ərazi davası kimi təqdim etməyiblər. Onlar həmişə bu konflikti Dağlıq Qarabağ, sonra isə Artsax erməni xalqının öz müqəddəratı uğrunda savaşı kimi sırımağa çalışıblar. Məsələn, Ermənistan həmişə Azərbaycanın yuxarı Qarabağ ətrafındakı 7 rayonunun işğalının da Ermənistan Silahlı Qüvvələri tərəfindən deyil, Dağlıq Qarabağın hərbi özünümüdafiə qüvvələri tərəfindən getçəkləşdirldiyini iddia edib. Çünki, bir ölkənin başqa bir ölkənin ərazisini işğalı beynəlxalq hüquq tərəfindən birmənalı olaraq rədd olunur və belə bir işğalın nəticəsini dünya qəbul etmir. Ona görə də Paşinyanın “Qarabağ ərazi deyil, insan hüquqları məsələsidir” deməsi, ermənilərin Qarabağla bağlı iddialarından əl çəkməsi deyil, konflikti bir ölkənin öz qonşunun beynəlxalq hüquqla tanınan ərazisinə iddia irəli sürməsi, təcavüz etməsi kimi perspektivsiz və qınaq yaradıcı müstəvidən daha əlverişli insan hüquqları və onun davamı olaraq öz müqəddəratını təyin etmə müstəvisinə sürüşdürməsidir. Xüsusilə indiki beynəlxalq konyukturda (Rusiya -Ukrayna savaşı) ərazi iddiasının perspektivsiz olduğu hamıya aydındır və yenə də indiki beynəlxalq fonda xalqların öz müqəddəratını təyin etmək uğrunda mübarizəsi daha ciddi rəğbət doğurur.
Paşinyan dəfələrlə “Biz Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq” deməsi də, təəssüf ki, bizə rahat nəfəs almaq şansı vermir. Hətta, əksinə, burada Azərbaycan üçün hazırlanmış bir tələ də var. Bu, əsla, mənim Ermənistanla sülh bağlamağımıza qarşı olduğum anlamına gəlmir, əksinə, mən bu barışın mümkün qədər tez əldə edilib Güney Qafqazın Avrointeqrasiya yolunda ən qısa müddətdə birgə addımlamasından yanayam. Ancaq heç olmasa bu dəfə, işimizi təmiz görək, 10 noyabrda buraxdığımız kobud səhvləri təkrarlamayaq, kimlərinsə Azərbaycan dövlətçiliyinin altına uzunmüddətli mina basdırmasına imkan verməyək.
ABŞ Dövlət Departamentinin Güney Qafqaz təmsilçisi Luis Bono Azərbaycana bugünlərdə gerçəkləşdirdiyi səfərində “Biz Azərbaycanın təhlükəsizlik qayğılarını başa düşürük” açıqlamasını vermişdi və bu açıqlama məni sevindirdi.
Azərbaycanın hal-hazırda üzləşdiyi ən böyük təhlükəsizlik sorunu yuxarı Qarabağda mövcud olan və dişinədək silahlanmış 18 min nəfərlik işğalçı erməni ordusudur. Ölkənin içində belə qarayara mövcud olduqca, Azərbaycan dövlətinə və xalqına rahatlıq ola bilməz.
Bu ordunun işğalçı olduğunu ermənilər özləri də etiraf edirlər. Belə ki, bütün beynəlxalq platformlarda Ermənistan Azərbaycanın 7 bölgəsinin məhz Qarabağ erməni hərbi birləşmələri tərəfindən işğal olunduğunu etiraf ediblər. Odur ki, onları “özünümüdafiə qüvvələri” kimi sırımaq da artıq mümkün deyil, onlar məhz işğalçı qüvvələrdir və Ermənistanla birlikdə Azərbaycan xalqının 30 il ərzində yaşadığı faciələrin- işğalın, etnik təmizləmənin, Xocalı soyqırımının, minlərlə yaşayış məskənimizin xarabalığa çevrilməyinin səbəbkarı olan hərbi cinayətkarlardır.
Digər tərəfdən, bu qüvvələrin Ermənistandan dəstək alması, Ermənistandan qidalanması da şübhəsizdir, çünki 50-60 minlik qondarma rejimin 15-18 min nəfərlik ordu yaratmaq və onu təmin etmək potensialı yoxdur və bunu təsəvvür etmək də mümkün deyil.
Bəs Ermənistanın istəyi nədir?
Ermənistan Qarabağı müzakirə predmeti etmədən Azərbaycanla barış imzalayır və guya oyundan çıxır. 30 illik işğalçılıq yükündən xilas olur, Azərbaycana heç bir təzminat ödəmədən kommunikasiyaların açılmasına və Rusiya ilə daha güvənli nəqliyyat əlaqələrinə nail olur və ən önəmlisi, Avropa Birliyinə yolu açılır.
Azərbaycan isə Qarabağın gələcək statusu ilə bağlı beynəlxalq təzyiqlərlə üz-üzə qalır. Digər tərəfdən, artıq “sülh qaranquşuna” çevrilmiş Ermənistan istər Laçın dəhlizi, istər Qarabağla Ermənistan arasında olan alternativ yollarla separatçı rejimi silahlandırmağa, oradakı 18 minlik ordunu ayaqda saxlamağa davam edir. Və aydındır ki, arxalarına 18 minlik işğal ordusunu almış Qarabağ erməniləri “öz müqəddəratını həll etmə” hüququndan, əsla, vaz keçməyəcəklər.
Azərbaycan nə etməlidir?
1.Azərbaycan təcili qaydada Laçın yolu üzərində ciddi nəzarət rejimi tətbiq etməli, sərhəd-buraxılış və gömrük-nəzarət postları qurmaqla Azərbaycan-Ermənistan sərhəddinin hər qarışını nəzarətə götürməlidir.
- Azərbaycan Rusiya və Ermənistana açıq şəkildə bildirməlidir ki, Laçın yolunun statusu Zəngəzur yolu ilə eyni olacaq, yəni, bu yolların eni, üzərində qurulan dövlət nəzarət rejimləri eyniləşdiriləcək. 5 km enində yol olmur, bu yol deyil, Qarabağla Ermənistan arasında torpaq əlaqəsidir, belə bir yolun dünyada analoqu yoxdur və Azərbaycanda da olmamalıdır.
- Azərbaycan hakimiyyəti ali dövlət maraqlarından çıxış edərək Rusiyadan 10 noyabr Bəyanatının 4-cü bəndinə əməl edərək nəzarətlərində olan ərazidən bütün erməni hərbi qüvvələrinin çıxarılmasını tələb etməli, əks halda, Azərbaycan tərəfinin üçtərəfli bəyanatla bağlı mövqeyini dəyişə biləcəyini bildirməkdən çəkinməməlidir.
- Bu təklifim fantastika sahəsindəndir, ancaq, yenə də, deyim. Üstümüzə polis zorakılığı ilə gəlməsinlər, sərbəst toplaşma azadlığımıza təcavüz etməsinlər. Biz Milli Şura olaraq, ya çəkinirlərsə, mən və ziyalılar öz təşəbbüsümüzlə “İşğalçı Rusiya Ordusu ölkəmizdən getsin”, “IVAN GET” şüarları ilə izdihamlı mitinq təşkil edək, Azərbaycan xalqının gerçək səsini dünyaya duyuraq.