Pentaqonun vəzifəli rəsmilərindən biri bəyan edib ki, İran “12 gün ərzində” atom bombası hazırlamaq üçün kifayət qədər zəngin nüvə materialına malik ola bilər.
Tehran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi (JCPOA) imzalayanda bu zaman məsafəsi 1 il olaraq qiymətləndirilirdi.
ABŞ müdafiə nazirinin müavini Kolin Kal (Colin Kahl) bu bəyanatı Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmə zamanı verib.
Respublikaçı millət vəkilləri Kalı Bayden administrasiyasının İranla nüvə sazişinin dirçəldilməsinə niyə çalışdığına dair suallarla sıxışdırırdılar.
Çətin suallar
Reuters yazır ki, Müdafiə Nazirliyində vəzifəsinə görə üçüncü şəxs olan Kal nəhayət bu suala cavab verməli olub:
“Çünki biz JCPOA sazişindən çıxandan sonra İran nüvə sahəsində heyrətamiz irəliləyişə nail olub. 2018-ci ildə, bundan əvvəlki administrasiya JCPOA sazişini tərk etməyi qərara alanda İran bir bombalıq nüvə yanacağının istehsalına 12 ay vaxt sərf etməli idi. İndi isə o bunu 12 gün ərzində edə bilər”.
Kal daha sonra sözünə davam edib:
“Odur ki, mənim fikrimcə əgər siz məsələni diplomatik yolla həll edib nüvə proqramına məhdudiyyətləri qaytara bilsəniz, bu, bütün başqa variantlardan daha yaxşıdır. Amma hazırda JCPOA dondurulmuş vəziyyətdədir”.
Azadlıq radiosu